Ömər Faiq Nemanzadə – Bakının əlacı (AudioKitab)
Şamaxıdan xatirələr
Məşhur jurnalist, “Molla Nəsrəddin” jurnalının redaktoru, ictimai xadim Ömər Faiq Nemanzadənin memuarından bir hissəni təqdim edirik.
Həmin hissə Ömər Faiqin Şamaxıda müəllim olduğu dövrdəki təəssüratları əsasında yazılmışdır.
“Burada fanatizm Şəkidən və bir çox yerlərdən də artıq idi. Fanatizmin ən böyük hissəsi şiələrdən ziyadə sünnilərin üstünə düşürdü. Şəki, Gəncə, Qazax, Bakı, Şuşa və başqa yerlərdə də şeyx, imam, təriqət büsatları əskik deyildi. Lakin burada olduğu qədər heç bir yerdə kök salıb genişlənməmişdi. Şamaxı uyezdi başdan-başa şeyxliyə bölünmüşdü:
Külüllü tərəfində Şeyx Bilal əfəndi, Kürdəmir mahalında Şeyx Hacı Mahmud baba, Qaraqoyunlu səmtində Şeyx Hacı Mustafa şah, Qobustanda Şeyx Həmid paşa hökmran idilər. Bu həriflərin elmləri bir yana dursun, adi savadları belə yox idi. Lakin camaat arasında böyük nüfuz və hörmətləri var idi. Camaat hökumətdən artıq bunlara tabe idi. Camaatın ən gözəl yeyəcəyi, mal-qarası sədəqə, nəzir, ehsan yolu ilə bunların qarınlarını dolandırırdı. Şeyx Həmid paşanın böyük qoyun sürüləri, at ilxıları, qaramal naxırları mahal çöllərini tutmuşdu. Buğda ilə dolu anbarları kiflənib yatırdı. Şeyxlərə təkcə avam kəndlilər deyil, şəhərlilər də hörmət göstərirdilər”.
“Qaraqoyunlu kimi böyük bir kənddə yarımçıq da olsa, bir məhəllə məktəbi yox idi. Burada və ətrafında camaat bütün fakir və xəyalını müridbazlıq adı ilə təriqət oyunlarına vermiş, əsəri-maarif bir yana dursun, köhnə üsul tədris elmlərindən də nişanə yox idi. Belə yerlərdə qadınların halı kişilərinkindən daha acınacaqlı, daha səfalətli, daha da ağır və qəmli idi. Buralarda qadınlar, möminlərin köhnədən bəri deyilən kimi, kişilərin və xüsusilə də şeyxlərin əyləncə və iş malları idi…
Bir çox şeyxin iki-üç şəri arvadı olduğuna baxmayaraq, şeyx hərəmxanası – kiçik bir ölçüdə olsa da – Soltan Həmidin o çox böyük hərəmxanasına oxşayırdı. Ayrılığı burda idi ki, soltan hərəmxanasına alınan qızlar və qadınlar pul ilə alınırdı, şeyxlərinki isə pulsuz olaraq nəziri-bəst və zövci-axər surətilə dolardı. Bunların başqa təriqətdən xoşu gələn ərli arvadlar, qarnı ağrıyanlar, uşağı olmayanlar, ərlərinə küsənlər, göbəklərini yazdırmaq istəyənlər, şeyx yanındakı cavan müridlərə gözü düşənlər, ərləri fəqir və çirkin olanlar, məşğuliyyətsiz qalan dul arvadlar… hamısı… hamısı şeyx hərəmxanasına toplanardı.
Bir şeyxin boynuna düşən bu qədər tüfeylilərin, müftə yeyənlərin nə ilə yaşadıqlarına təəccüb edənlər, bir-iki kəndin deyil, bəlkə bütün mahalın nəzir, qurban, sədəqə və ehsan adları ilə şeyx üçün toplanan sürü, naxır və ilxıları görsələrdi, heç də çaşıb qalmazlardı. Biçarə avam kəndlilər mülkədarlar, bəylər, ağalar tərəfindən bəhrə və icarə adları ilə soyulduqlarından sonra qalan var-yoxlarını da bu cür oyunlarla ruhanilərə yedirirlərdi.
Hələ bunlar yenə bir dərəcə ədəbli, daha doğrusu, gizli, qapalı idi. Şamaxıda Qobustan mahalında Acıdərə kəndində yaşayan Şeyx Həmid paşanın təriqət büsatı daha razilanə, daha nifrətli idi.
Sırf avam və savadsız olan şeyx ata-babasının nüfuz və hörmətindən istifadə edərək təriqət adı ilə yapmadığı rəzalət, etmədiyi şeytanlıq, sürmədiyi heyvani zövq qalmamışdı.
Bu uzunqulaq hərifin hər gün aşikarə yapdığı rəzaləti görən Qobustan camaatı bu iblisi yenə müqəddəs, möhtərəm hesab edirlərdi. Hətta özünün ətək və ayaqlarını öpə bilməyənlər atının yalını öpmək kimi dünyanın heç bir yerində görülməyən heyvanlıqdan çəkinməzlərmiş. Boy, sifət, şəkil və xasiyyətcə Soltan Həmidə çox oxşayan bu alçaq hərifin özünəməxsus ayrıca bir təriqət ayini varmış: bunun hər kənddə kişi və qadın birər xəlifəsi bulunar, keyfi qalxanda kəndləri birər-birər gəzər, müridlərin təriqət ayinlərinə özü rəhbərlik edərmiş. Zikr və ibadət həmişə axşamlarda, gecələrdə olurmuş. Qabaqca kişilərin ayinlərinə gedər, öz iştirakı ilə onlara guya feyz və həyat bağışlarmış. Qadınların yığıncaqlarını isə qəsdlə dala, daha qaranlıqlara buraxarmış. O burada öz təriqət, hünər və şeytanlıqlarının bütün nömrələrini çıxarar, ruhani cəzb və qəşşadları ilə bütün eşqbazlıq hiylələrini onlara, o sadə ürəklilərə, o çarəsizlərə birər-birər möcüzə kimi göstərər, hamını öz ilahi təriqətinə heyran qoyarmış. Yarı gecələrə qədər sürən ibadətdən sonra qadınlar evlərinə dağılıb gedərlərmiş. Ancaq ibadət zamanı gözə gələn gözəllər məxsus bir iltifat olmaq üzrə xəlifə vasitəsilə saxlanılar, onlara gecə xüsusi bir otaqda yatan şeyxə xidmət etmək kimi ruhani vəzifə tapşırılarmış. Onlar ibadətlə yorulmuş olan şeyxin vücudunu ovxalayıb, qüvvət və qiyamə gətirir və bu sürətlə feyz və savab qazanarlarmış…
Bütün ömrünü təriqət ayinlərində bu sürətlə keçirən, Soltan Həmiddən aşağı qalmayan, hər istədiyi heyvani keyfini sürən bu uzunqulaq lotubaza qarşı kimsə səsini çıxara bilmirmiş. Tərsinə, hamı bu iblisi görüncə əlinə sarılar, iltifatını canına minnət bilərmiş. Bu rəzaləti duyan böyük hökumət məmurları isə eşitməzliyə gələr, camaatın avamlığına ürəkdən sevinirmişlər. Lakin həmin bu məmurlar Şamaxıda təzə açılan milli məktəbdəki partalara, divarlardakı xəritələrə “müsəlmanlığa yaraşmaz”, – deyə etiraz edər və bu yol ilə İslam dininin qeydinə qalarlarmış.
Hər kəsin hörmət etdiyi bu hərifin və bu kimilərin və ümumiyyətlə ruhanilərin 1895-ci ildə Şəkidə, 1901-ci ildə Şamaxıda gördüyüm və eşitdiyim rəzalətlərini ancaq 1904-cü ildə “Şərqi-Rus”da və 1905-ci il inqilabdan sonra isə “Molla Nəsrəddin”də və başqa qəzetlərdə yazıb açmağa başladım (1907-ci ildəki “Molla Nəsrəddin”in 35-ci nömrəsində Həmid Paşa büsatına baxınız!)
Şamaxı camaatını ümumiyyətlə insaniyyətli, xoşxasiyyətli gördüm. Ancaq çox dindar, süfiməşrəb idilər”.
Ömər Faiq Nemanzadə – Ətiqə
Ətiqə – Qədim, köhnə
Bakıda Quba meydanından keçirdim. Gördüm camaat o qədər yığılıb ki,deyəsən cəmə məsələsindən ötrü mitinq edirlər. Biraz yaxın getdim ki, görüm bu nə qiyamətdir? Lakin bir zad anlamadım. Ancaq dəyənək guppultusu ilə qarışıq bağırtı səsləri eşitdim. Bu həngamədə üç-dörd gavur əcnəbi səyyahlar damənə yaxın gəlib, mitinqin səbəbini duymaq istədilər. Bunların biri tez fotoqrafiya maşını çıxarıb mitinqin şəklini almağa başladı.
Mən daha artıq şəkləndim və fikir etdim ki, bu azğın müsəlmanlar polisəni ortaya alıb protest edirlər. Amma camaatın çoxluğundan yaxına gedə bilmədim. Axırda bir həmşəridən xəbər aldım ki, ”Qardaş, bu nə xəbərdir?”
Həmşəri tütün çubuğunu ağzından çıxarıb bir neçə kərə citfit etdi. Tüprüyü düz səyyahın üstə düşdü. Biraz sonra mənə böylə cavab verdi: ”Zalım uşağı itlər gəlib kababçıların ətlərini yeyiblər, kababçılar da itlərdən intiqam alırlar”.
Sonra qandım ki, həmişəki müsəlman mitinqlərindəndir. İstədim ki,işimin dalınca gedim,gördüm ki, həmşərinin tüpürdüyünə acıqlanıb gedən səyyahın əlində ətiqə mallar və bir çox müsəlman qəzetləri var. Əcnəbilərin məmləkətlərimizdə ətiqə mallar aldıqları məlum. Lakin bu müsəlman qəzetlərini yığmaları nə üçün? Bizim təzə qəzetlər onların nəyinə lazım?
Doğrusu,bu iş mənə dərs oldu.Yanlarındakı dilmancdan soruşdum ki, bunlar bizim müsəlman qəzetlərini nədən ötrü alırlar. Dilmanc hazırlaşdı ki, cavab versin,o yandan səyyahın biri türkcə dedi: ”Əfəndim, bunlar bizim üçün ətiqədir.” Bir yevropalının gözəl türkcə danışması və bizim qəzetlərə ətiqə deyib, əziz və möhtərəm tutması mənim milli hissimi oyandırdı. Mən də razılıq üçün dedim:
-Çox sevindim ki,siz bizim qəzetləri ətiqə kimi möhtərəm saxlayıb bizim Qafqazı həmişə yada salmaq istəyirsiniz.
Mənim bu razılığıma qarşı səyyah yavaşca gülüb dedi:
-Əfəndim, bizdə riyakarlıq və yalançılıq olmaz. Sizin qəzetlərin ətiqəliyi özgə cəhətlərdir. Nəinki Qafqaz müsəlman qəzetləri olduğu üçün. Əgər özgə qəzetlər də varsa mərhəmət edib bizim üçün tapınız.
Səyyahın bu acı və rümuzlu sözü mənim başıma su tökülən kimi oldu. Çox bozuldum və dedim:
-Taparam,lakin bizim qəzetlərə nədən ötrü ətiqə deməyinizi qanmadım.
Səyyah:
– Kömək edəcəyinizdən razıyıq. Ətiqə bəhsi uzundur. Vaxtınız varsa, buyurun bizim mənzilə gedib danışaq.
– Çox əgəb – dedim və “yevropa” mehmanxanasına doğru getməyə başladıq, yoldakı söhbətimizdən duydum ki, mənimlə danışan ingilis Misirdə, İstanbulda 10-15 il qalıb, çox gözəl ərəbcə, türkcə bilir. Otağa girib oturandan sonra mən başladım:
– Bizim qəzetlərə sizin nədən ötrü ətiqə deməyinizi bilmək istəyirəm, bəlkə, bizim Azərbaycan şivəsi sizə ətiqə kimi gəlir?
İngilis:
– Xeyr, onlar bizə çoxdan məlum.Bizim bilmədiyimiz ancaq qəzetlərinizin məzmun və mündəricatı idi. İndi oxuyub gördük ki, doğurdan da, ətiqədirlər. Budur ki, alıb məmləkətimizə götürürük və muzeylərdə saxlayacağıq.
Mən:
– Bu söz bizim üçün həqarətdir. Nədən ötrü bizim təzə qəzetləri köhnə mallar,paslanmış paxır pulları ilə bərabər tutursunuz? Halbuki bizim qəzetlər də qonşularımızın qəzetləri kimi hər şeydən yazır,hər şeydən bəhs edirlər. Bəs, nədən ötrü bizimkilər sizə köhnə görünüb, belə şeylərdə də, din və millət təəssübü çəkirsiniz?
İngilis:
– Əfəndim,təlaş etməyəsiniz. Təəcüb yeri yox. Budur, ”Yeni həqiqət”in 3-cü nömrəsi ,oxuyum qulaq asınız.
“İdarədən: Bütün üləma və şair mühərrirlərə təəflik ediriz ki, ”Kitabi-mübin” məsələsinə müdaxilə etsinlər. Bu xüsusda yazılan məqalələrə qəzetimizin sütunları açıqdır”.
Mən:
– Çox yaxşı,bunda nə var ki?
İngilis:
– Əzizim, daha nə olacaq. Qafqazlıların bu sıxıntı halətində Osmanlının, İranın belə müsibətli günlərində siz hələ boş din bəhsləri ilə vaxt keçirirsiniz. Belə bəhsləri özgə millətlər 300 il əvvəl eləyirdi. Halbuki siz bu gün, həm də fəlakətli günlərinizdə eləyirsiniz. Buna görə 300 il əvvəlki qəzetlər bizim üçün ətiqədir, elə də sizin bugünkü qəzetlərinizi (ingilis bu həngamədə çamadandan 5-10 müsəlman qəzeti çıxarıb mənə göstərdi) oxuyursunuz, baxınız,bu təzə dediyiniz qəzetləri. Allah üçün deyiniz: Bunların yazdıqları ilə 500 il əvvəlki adamların fikirləri, əqidələri və adətləri arasında nə fərq var? Ha bir fərq var, bağışlayınız, bu fikirlər, bu əqidələr, bu bəhslər əski zamanda din kitablarında yazılırdı. Amma indi müsəlman qəzetlərində…
Mən bu həqarətə dayanmayıb dedim:
– Səhviniz var, əfəndim! Bizim dinimizin qoşunları sizinki kimi boş dua, quru əxlaq, adi iman və vicdan hisslərindən ibarət deyil.
Biz hər addımımızı min üç yüz il əvvəl gələn şəriətimiz öyrətdiyi kimi və hər işimizi ruhanilərimizin buyurduğu kimi tutmaq istəyirik. Eyib olmasın, bağışlayınız: Döşəkdə yatıb-qalxmağı, hətta ayaq yoluna getməyi də gərək şəriətdən öyrənək. Bu səbəbdən din bəhsləri və nəsihətləri bizim üçün eyni nemət və büyük səadətdir.
İngilis:
– Şəriətinizə sözüm yoxdur. Lakin mən bilmirən Quranın “Kitabi-mübin” olub-olmadığında camaat üçün nə nəf və səadət var? Gözünüzü diqqətlə açıb özünüzə bir baxınız: Nəsiniz, nəyiniz var? Hankı haqqa, insanlığa, musavata maliksiniz? Qafqazı başdan-başa gəzdim. Sizdən cahil, sizdən fağır, sizdən səfil, sizdən qate, sizdən yazığ bir camaat görmədim. Qonşunuz ermənilərin, gürcülərin də dinləri var. Həm sizinkindən də köhnədir.
Qəzetlərinə baxınız. Sizinki kimi boş din bəhsləri ilə camaatlarını məşğul edirlərmi? Onlar sizdən 2-3 qat az olduqları halda, hüquqda, maarifdə, ticarətdə sizdən 2-3 qat yuxarıdadırlar. Bu sözlərdən inciməyiniz. Mən bitərəf bir ingilisəm. Arxayın olunuz ki, siz yazıçıları istədiyim üçün bu sözləri söyləyirəm. Mən:
– Bizi istəyən bizi, bizim qəzetləri pisləyərmi?
İngilis:
– Qanıram ki, sizin indiki halınız lap köhnə yahudilərin və qədim bizans rumlularının halına oxşayır. Siz öz xeyirxahlarınızı da tanımırsınız!
Mən:
– Yaxşı tanıyırıq. Biz heç vaxt qədim yəhudilərə də oxşamırıq bağışlayınız.
İngilis:
– Tam onlar kimisiniz. Bilirsiniz ki, əski osmanlılar da İstanbulun divarlarını topla döyəndə, rumlar Aya Sofiyaya doluşub din bəhsləri ilə bir-birilərini boğurlardı. Kimsədə vətən qeydi, millət qeyrəti, insanlıq hissi qalmamışdı. O idi ki, osmanlılar biraz bir müqavimətdən sonra qoca Bizans imperatorluğunu çürük ağac kimi devirdilər. Sizin bugünkü halınızda o dağılmış millətlərin halına oxşayır. Öz gününüzü, öz dərdinizi buraxıb şeytanın lövhi-məhfuzun, zülcənahın qeydinə qalırsınız. İslam günbəgün irəli getdiyi halda siz hələ 500 il əvvəlki din bəhsləri ilə geri-geri qaçırsınız. İndi deyiniz: Belə bir vaxtda camaatı faidəsiz, din bəhsləri ilə məşğul edən müsəlman qəzetləri “ətiqə”deyillər də, nədir?
Mən:
– Bir qəzetimiz necə olubsa, elə bil zad yazmış.
İngilis:
– Bir qəzetinizmmi? Hamısı belədir. (Bu həngamədə çantasından bir çox qəzet çıxardıb qabağıma tökdü və başladı oxumağa:)
“Burhani-tərəqqi”, nömrə 131: “Qəzetdə oxuyan adamın imaməti caizmi?”
“İşıq” nömrə 1: “İstanbulda bir türk xanımı fotoqrafxanaya gedib üzü açıq şəklini çıxartmaq istəmiş, lakin polis döyüb fotoqraf xananı dağıtmış.(?) və xanımı divani hərbiyə(?) vermiş, idarədən: İslam xanımlarının
şəriəti-islamdan kənara çıxmamaları əlzəmdir”.
“Bəyanül həqq”.Bizim nicat və səadətimiz təməssük edib ondan bir qıl qədər ayrılmamaqla olacaqdır…
İngilis:
Deyiniz görək, bunlar 500 il əvvəlki fikirlər, yazılar deyil də nədir? Belə yazılara bizim və sizin nəvələriniz “ətiqə” deməz də nə deyər?
Ömər Faiq Nemanzadə – Mən kiməm?!
Zamanamızda, yəni din və əbudiyyətdən, cins və millətlərin hökm sürdüyü belə bir çağda insan öz soy və millətini tanımamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir. Lakin bu ləkə tezliklə gedən ləkəyə də bənzəmir. Bu ləkə yaman ləkədir. Bu ləkə surətində elə yılancıq (qanqrena) yarasıdır ki, millətimizin vücudunu, türklük varlığını yavaş-yavaş gəmirir, yox edir.
Bu gün həm də kiçik millətlərin, xüsusilə məhkum millətlərin öz varlıqlarını, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası,dərin düşünülürsə, qarayaradan da, taun çibanından da daha acılı və daha zəhərlidir. Hər kəs öz millətini tanıyıb onun yolunda ağladığı, onun yolunda gözünü kor etdiyi böylə bir həngamədə biz öz millətimizi sevmək deyil, onun hətta quru adını da bilməyib ortada şaşıb qalmışız. Çoxdan çürümüş əqidələr, təriqətlər tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərlənib durururuz.
Bu hal ilə kim üçün və nədən ötrü çalışacağımızı da, təbii, itirmişik. İtirməsək də belə bilinməyən və bilinmədiyi üçün də sevilməyən bir millət üçün kim dəlidir ki, can yandırsın?
Kim olursa olsun, insan bir nəfər, bir millət və ya bir fikri-əməl uğrunda o vaxt can yandırır ki, ona o zaman aşiq olur ki, oxu yaxından tanıyıb ürəkdən sevsin, yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil, bayağı dostluq belə olmaz.
Mən iddia etmək deyil,uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilməyiriz.
Nə olub, niyə dodağını büzdün? Görünür,söylədiklərimdə şəklin var. Çox yaxşı, buyur bərabər soruşalım, kimdir o?
-Marağalı Məşədi Əliəsgər.
– Bu kim?
– Şamaxılı Əbdülqafar.
– O biri?
– O da ərzurumlu Dursun ağa.
Bunların birincisindən soruşalım:
– Məşədi, siz nə cins və nə millətdənsiniz?
– İranlı və şiə məzhəbəm.
– Əbdülqafar ağa, sən?
– Mən də qafqazlı babıyam.
– Dursun ağa, sən bir az oxumuşa bənzəyirsən, gərək soyunu, millətini tanıyasan.
– Mən də osmanlı və sünniyəm.
– Daha özgə?
– Özgə heç!
Siz çox da deyiniz ki, ”sünnilik, şiəlik, babılıq bir məzhəb və əqidədir”, cins və millət isə başqadır.
Dünyada ən kiçik bir böcəyin, ən ən yaramaz bir otun soyu cinsi bəllidir, bəs bu qədər böyük bir insan yığıncağının bir cinsi yoxmu?
İştə bəla da burasıdır ki, həm var, həm də yoxdur? Vardır: onun üçün ki, biz də özgələr kimi insanız. Bir də təbii, bir millət soyundanız. Yoxdur: çünki, varlığımızı bilmirik ki, soyumuzu da bilək.
Gəlin bir də qonşularımızdan soruşaq.
– Şakro Çaparidze,sən nə məzhəbdənsən?
– Pravoslav.
– Nə millətdənsən?
– Gürcü
– Demitri,sən?
– Mən də pravoslav məzhəbindənəm.
– Millətin?
– Urun.
– İvan,məzhəbin?
– Pravoslav.
– Millətin?
– Rus!
Həddin yox ki, bir oxumuş gürcüyə gürcülüyündən savayı özgə bir ad verəsən, o saat özünü alçaqlaşdırılmış hesab edər və səndən bərk də inciyər.
Ya bizdə? Bizdə isə lap tərsinədir: sənin də həddin yox ki, salmaslı bir türkün oğlu türkə “türk” deyəsən, o saat səndən üz çevirərvə bəlkə də səni düşmən hesab edər. Bir də axalsıxlı bir ağaya soruşunuz: o gələn kimdir?
– Əcəmə bənzəyir.
– Eyi,dəhduş diqqət et!
– Elə özüdür, əcəmdir, qızılbaşdır.
– Qoy olsun, biraz söylətəlim.
– İşin yox, burax dəf olsun. Qızılbaşdan nə eşidəcəksən ki?
Biçarənin xəbəri yox ki, qızılbaş deyə məsxərəyə aldığı kimi öz soyundandır, öz millət qardaşıdır.
Amerikalılar Təbrizə gəlib məktəblər, xəstəxanalar açırlar və beləliklə şiə türklərinə məhəbbət göstərirlər,yardım edirlər və ya edən kimi görsənirlər ki, gələcəklərdə məsləklərinə, ticarətlərinə xidmət eləsinlər.
Lakin bəlaya baxın ki, biz Qafqaz türkləri öz ayaqları ilə yanımıza gələn iranlı şiə türk qardaşımıza yüz çeşid ad qoşub uzaqlaşırıq. Üzdən də olmasa, arxadan min dürlü yaman deyirik. Söz başında “ac tat” deyə də təhqir ediriz.
Tiflis guşələrində aclıqdan, azardan can verən iranlı türk əmələlərinə – yırqatlarına “persiyan” gözü ilə baxıb keçirik, fəlakətlərinə soyuqqanlı tamaşa edirik.
Ya Qafqazda yaşayan iranlı şiə türkləri? Onlar daha qafil! Bunlar bizdən daha artıq uzaqlaşmaq istəyirlər: məktəblərini, məclislərini, hətta bəzi yerlərdə məscidlərini də ayırıb özlərinə “şiə-fars” rəngi verirlər, balacalarına, yəni öz türk oğullarına türkcəni də əsirgəyirlər, oxutmurlar. Şiəliklə farslığı heç münasibəti olmayaraq cahilanə birləşdirmək öz türklərinə balta vurmaq, öz sözlərini, öz ata-babalarını danmaq istəyirlər. Ya İranın içi ilə çölü? Oralarını daha soruşma,keç!
Çox yaxşı keçək Bakıya. Böyük “İslamiyyə” mehmanxanasına gedək. Göyçək və pak bir masanın (mizin) ətrafında oturan oxumuş və dünyadan xəbərdar, hətta sözündə millətpərvər görünən qardaşlarımızdan soruşalım. Soruşalım ki:
– Soy və millətiniz nədir?
– Əlhəmdülillah müsəlmanıq.
– Şiəsiniz, yoxsa sünni?
– Heç biri deyiliz, təkcə müsəlmanıq.
– Özgə, daha bir adınız-zadınız yoxmu?
– Xeyr,xeyr,xeyr!
Birincilərlə ikincilərin cavablarından anlaşılır ki, aralarında xeyli təfavüt var. Birincilər məzhəb və əqidə çevrəsindən çıxmamış, ikincilər isə bir az irəli gedib din dairəsində qalmış. Əgər məndən soruşulsa, aralarında heç bir təfavüt yox. Hər ikisi də birdir. Hətta deyə bilərəm ki, birincilər daha həqiqi, ikincilər isə daha xəyalidir.
Xəyalidir, çünki əqidə və məsləkləri yox etmək mümkün deyil, əqidə tərəqqinin yoldaşıdır, bunları ayırmaq isə dəlilikdir. Hənəfi ilə şəfailiyin birləşmədiyi bir yerdə sünnilik ilə şiəliyi birləşdirmək xam xəyalların ən xamıdır. Nə zərəri var? Qoy hər kəs öz əqidəsinə,öz ictihadında,öz imanında olsun.
Nə var,ey oxucu! Niyə başını qaşıdın,niyə üzünü turşutdun? Sultan Səlimlərin, Nadir şahların və bir çox islam recal və üləmasının çalışdıqları,hətta o uğurda can fəda etdikləri bir məsləkə toxunduğumdan ötrümü məndən inciyirsən?
Yox, yox,incimə. Əgər onlar din və əqidənin xasiyyətlərini, vəzifələrini, mövqelərini həqqi ilə bilsəydilər boş-boşuna o qədər çalışmaz və nahaq yerə də o qədər qan tökülməyə səbəb olmazlardı. Əgər onlar “dini-islam”ın bir ağac, əqidələrinin də o ağacın birər budaqları olduğunu və o ağacın böyüməsi üçün budaqların mütləq ayrılmaq, genişlənmək ehtiyacında bulunduğunu qanıb onlara yol və hürriyyət versəydilər, islamiyyət heç vaxt bu qədər cığırından çıxmaz və o qədər boğuşub əzilməyə, keçilməyə də məhəl qalmazdı.
Ey qafqazlı türk, sən çoxdan islam qeyrətini çəkirsən və bu qeyrətlə, hətta öz varlığını, öz adını da itirmişdin.
Sən islam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən.
Lakin əzizim, o qədər qorxma! Yenə aldanma ki, mərifət olan yerdə əqidə ixtilafi zəhmət deyil, rəhmətdir. Ey türk, dini əqidələr qovğasından daha çox qorxma! Qorxma ki,onların hökmü keçməyə, onların yerlərini indi siyasəti-məişət və siyasəti-bəşəriyyə əqidə və məsləkləri tutmağa başlayır.
Ey türk, sən çox da rahatsız olma və şəkkə də düşmə: dini olsun, dünyəvi olsun, əqidəni gizlətmə.
Ey türk, sənin başına çox işlər gəlmişdir, çox əqidələr dolmuşdur. Çox şeylər bilmişsən və bu gün də çox cahil deyilsən! Bir çox ədiblərin, müəllimlərin,mühəndislərin, həkimlərin, məktəblərdə yüzlərcə tələbələrin var!
Ey türk, olduqca çox şey bilirsən. Sən daha sırf cahil xeyir və şərin qanmayan demək olmaz.
Sən ey türk! Zamanın bir çox icadlarını, təzə fikirlərini, hətta modalarını da öyrənirsən, hətta dini əqidələrin çürüməyə üz tutduğunu sezib dünyəvi əqidələrə iman etməyə də başlayırsan.
Əvət, çox şeylər, fənnlər bilməyə çalışırsan. Bir çox hünərlər də öyrənmişsən. Havalara çıxıb və yıldızların nə olduqlarını yaxından bilmək, yerin içərilərinə girib mahiyyətini anlamaq istəyirsən. Ancaq, bircə xüsusda cahilsən. O barədə heç bir zad bilməyirsən. Hər şeyi öyrənmək istədiyin sənə ən lazımlı,sənə ən birinci fərz olan vəzifədən xəbərin yox…
Nə var, niyə darıxdın? Niyə yenə can sıxıntısının acısını bığlarından, dodaqlarından almağa başlayırsan?
Doğrusu,tütün çəkənlərdən olsaydım, burda mollaların salavatı kimi, bir papiros çəkməyi tövsiyə edərdim.
Hə, ey türk! İstər darıx, istərsə qarıx, yaxandan əl çəkən deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki,mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türk-sən və bundan sonra da türk qalacaqsan?
Sənin bu türklüyünə nə şiəlik, nə babılıq, nə də dinsizlik mane ola bilməz.
Sən ey türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə türksən. Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babı, şeyxi adları yox ikən sən var idin. İslamiyyət Ərəbistan qumluqlarında doğmadan əvvəl belə sən Altayın ətəklərində ətrafın gözəlliyinə tamaşa edib zövq alırdın. Orada uzun seyr və səyahətlərə hazırlanırdın.
Ey özündən xəbərsiz türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu “yasaq” qanunları hənüz Bağdad, Şam, Paris və Londonda yox ikən, sənin yurdunda var idi.
Sən öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi.
Ey özünü itirir, unudur dərəcədə qonaqpərvərlik, özgələrə hörmət göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin düşüncən, sənin varlığın hənüz sənin özündə ikən sən bugünkü kimi dilsiz, yazısız yəni milli nişanəsiz deyildin.
Ey sadə ürəkli türk, dünən,bu gün öz varlığını, öz mədəniyyətini göstərə bilib, indi sənə “köhnə barbar” gözü ilə baxıb bugünkü mədəniyyətlərin haqsızlıqlarına baxıb incinmə. Səni lazım ilə tanımadıqlarını bilib məyus olma.
Yox, yox sən də çox insafsız bulunma, öz-özünü hələ tanımadığın bir vaxtda çox da özgələrdən incinmə!
Ümid ki, tez vaxt olur, yüzdə doqquzu hələ yer altlarında qalıb gizlənən əski mədəni nişanələrin, əski əsərlərin yavaş-yavaş dünya üzünə çıxar. Sən də ol vaxt artıqlığı ilə üzə çıxarsan, gələcəkdə daha güclü yaşamaq istedadını göstərərsən.
Bəsdir, bəsdir, ey türk, bir az ayıl. Ayıl da bir çox toz-torpaqlarla dolan, ağırlaşan dini əqidə pərdəsini gözlərinin üstündən qaldır. Əl-ayağını biraz tərpət. Vücudunu,varlıq ağacını saran, korlayan tikanları,sarmaşıqları, yad ağacların yarpaqlarını, dallarını qır, at, qurtul. Vücuduna Allahın günəşi, havası dəysin. Başını bir az yuxarı qaldır. Öz varlığını, öz vücudunun qiymətini bil.İndiyə qədər yadlar üçün, özgə varlıqlar və vücudlar üçün özünü həlak etmisən, barı bundan sonra ayıl, bir özünə gəl, öz gününə çalış.
Ey türk, zamanımız özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalırsaq, qoruram ki, gec ayıldığımız vaxt sağalıb yigitcə yaşamaya vücudumuzda qüvvət və təqət qalmamış ola.
Ey türk, yaxşı bil ki, bugünkü məhşərin suri-israfili elmə, milli ittihada dəvət ediyor! İndinin siyasi fəlsəfəsi tərəqqiyi millətçilikdə görür. Zamanın sövkət və saxəvət binası millətçilik bünövrəsi və təməli üstündə qurulur. Əsrin ruhu azad millətçiliklə bəslənir, böyüyür. Keçmiş əsrlərin, keçmiş siyasi əqidələrin cızdığı coğrafiya sərhədlərini indiki etnoqrafiya yavaş-yavaş pozur. Keçmiş əsrlərdə daşıb ətrafa yayılan millət selləri yavaş-yavaş kiçilib öz qaynağına və ya çoxdan yataq elədiyi yerlərə çəkilir. Vaxtilə özgələrin sıxışdırılması ilə və ya cahangirlik dəliliyi ilə yerlərindən fırlayıb aləmi rahatsız edən millət ərdolarına indi: “Hər kəs öz milləti yerində” komandası verilir.
Bu gün eyidən-eyiyə qanıram ki, dini əqidədən sonra insanda doğan dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir, ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, millətini bilmək elmidir.
Millətpərəstlik əqidəsi özgə əqidələrin mərhələsi, keçididir.Vaxta ki, insan batil və xurafat əsirliyindən qurtulub özünü, özünün hüququnu bilməyə başladı, ondan mühit və ehtiyacın təsirilə hər nə qaydaya girərsə girsin. Bu halda ki, mövqeyimizə, mühitimizə, elmimizə, ehtiyacımıza bizim ən birinci əqidəmiz isə azad millətpərəstlik əqidəsi olmalıdır.
İndi gələk əsil məqsədə .Ey şiə, ey babı, sünni türk qardaşlarım, diriliyimizin milli ittihadda olduğunu biləndən sonra daha rəva görməməliyiz ki, millətimiz kütləsini meydana gətirən azanın bir qismi Anadolunun izsiz, dağıdılmış, qorxunc bucaqlarında yalnız başlarına ac, çılpaq buraxılıb tələf olalar.
Ey pak ürəkli türk, bu millətçilik zamanında hər millət öz nüfuzunu artırmaq, o nüfuzla öz nüfuz və qüdrətini böyütmək üçün yüz dürlü tədbirlər, fədakarlıqlar edər. İnsaf deyil ki, biz hazır əlimizdə olan minlərcə nüfuzumuzun – həm də ən gənc və qəvi bir qüvvətin – yardımsızlığından, bir loğma əkmək bulamamazlıqlarından tələf olmalarına özümüz bilə-bilə səbəb olalım.
Ey uca mərhəmətli türk, sənin köhnə mərhəmətin, ehsanın, nişanələrin – o böyük camelər, mədrəsələr, körpülər, xəstəxanalar, çeşmələr hələ sənin əcdadını hörmətlə yad etdirirlər. İndi sənə nə oldu ki, milyonlarla vücuda gələn əsrlərdən deyil, aclıqdan, çılpaqlıqdan, “ölümdən betər” bir hala düşən öz qardaşını qurtarmaq mərhəmətindən aciz görünürsən. Yazıq, yazıq!
Şəkidən xatirələr
Şəkidə olduğu kimi, kəndlərində də məlumatlı,bacarıqlı, gözüaçıq alverçilər az deyildi. Bunlardan biri də Zəynid kəndindəki Yusif əfəndi idi. Bu şəxsin nə əfəndiliyi vardı, nə də mollalığı. Bir az oxumuşdu və İstanbulu görməsinə görə əfəndi deyirlərdi.Yusif əfəndi on-on beş il qabaq İstanbula getmiş,orada öz səliqəsi ilə motorlu böyük bir qayıq yapdırıb ticarət edirmiş.Qayıdıb kəndə gələndən sonra özü və qohumları, hamı uşaqlarını Şəkiyə məktəbə göndərib oxutdurur, kəndliləri maarifə təşviq edirdi.
Bir gün həm kənd yaşayışını,həm də həmin Yusif əfəndini görmək üzrə müəllim Abdulla bəy Əfəndizadə ilə birlikdə Zəyzid kəndinə getməyi qurduq.Qəbiristan tərəfindən aşıb Zəyzidə gedən cığıra düşdük.Şəkinin yanı başında hündür,geniş bir yamacı zəbt edən qəbiristanın ortasına yetişdik.Burada əsgilərlə bəzənmiş bir ağac gözümə sataşdı.Yaxın gedib gördüm ki,ağacda boş yer qalmamış,cındırlarla örtülmüşdü.Yoldaşımdan bunun “Öskürək piri” olduğunu öyrəndim.Kölgəsində bir az oturub rahatlandıq.Buradan şəhərə baxa-baxa köhnə adətlərimizi düşünürdüm.Bu sırada Abdulla bəy papirosunu yandırıb çəkməyə başladı.Mən kibriti alıb əlimdə oynadırdım.Birdən dəli şeytan qulağıma: “Gəl bu cındırları odla,piri yandır,bunun köməyilə inananlar görsünlər ki, pirin özü özünə kömək edə bilməyir”.
Öz-özümə dedim: bu da mövhumat əleyhinə bir təbliğatdır.Lakin sonra duyulursa! – deyə düşündüm,qorxdum.Lakin məlun şeytan qorxmur,məndən əl çəkmirdi.
“Kim görəcək,vur,qorxma!”- deyə beynimi dəlirdi.Mən qəti surətdə rədd etdim.Ancaq könlüm əlimdəki kibrit ilə oynamq istəyir,arabir kibriti yandırıb cındırlara yaxın götürür,sonra tez söndürür,geri çəkilirdim.Qalxıb gedəcəyimizə yaxın sönmək üzrə ola kibriti cındırların üstünə atıb yola düşdüm.Qabağımızdakı döngəyə dönmək üzrə idik ki,pirin tüstülər içində qaldığını gördük.
Yoldaşım:
– Aman Faiq,nə qayırdın? Görsələr,dədəmizi yandırarlar.Aman,tez yüyür söndür! – deyə çağırdı.Söndürmək mümkünmü,mümkün də olsa görünmək ehtimalı var.Yaxşısı qaçıb qurtarmaqdır.
Görünmək qorxusundan dabana qüvvət verib Zəyzidə tərəf qaçmağa başladıq.Arabir arxaya baxıb tüstünün artdığını gördükcə biz də addımlarımızı artırdıq.Bu hal ilə özümüzüü yamacın o biri tərəfinə atdıq.Görünməkdən qurtardıq.Hər ikimiz də tər-qana batmışdıq.Bir az rahatlanmaq üçün yolun üstündəki çəmənliyə uzandıq.Yoldaşım tərini silə-silə:
– Xoşbəxtlik üz verə də,bəlkə bizi şəhərdən görmüş olmayalar,yoxsa şəhərə gedə bilmərik.Kişilər dursun,arvadların qarğışından,həcvindən qurtara bilmərik, – dedi.Daha kim orada dayanar.Tərə,yorğunluğu,azarlana biləcəyimizə baxmayaraq,irəli yüyürdük.Zəyzidə yaxınlaşdıq.Qonaq olacağımız ev kəndin hayanında olduğunu bilmirdik.Soruşub xəbər alacaq bir kimsəyə də rast gəlmirdik.Qabağımıza gələn tərəfə getməyə məcbur olduq.Bağların geniş həyətlərinin arasındakı yol ilə gedirdik.Xeyli getmişdik ki,yolun kənarındakı çəpərin arxasında yatan iri bir köpək gözümüzə sataşdı.Bunun səssiz yatdığına arxayınlanaraq yanından sükutla keçmək istədik.Bu zalım oğlu,yerindən durub hündürdən hürməyə,yoldaşlarını köməyə çağırmağa başladı.Biz,gələcək təhlükəni düşünərək tezcə çəpərdən uzun tikanlar çıxardıq,yerdən daş topladıq,dalımızı divara söykəyib,vuruşmağa hazırlandıq.Bu sırada yoldaşım gülərək:
– Gördün,Faiq! Pir bizi nə tez tutdu.Ona sataşmağın bizim başımıza hələ nələr gətirəcəkdi.Pirin qəzəbindən qurtul görək!
Yoldaşımın falçılığını dinləməyə vaxt yox idi.İlk hücumçular yaxınlaşdılar.Yoldaşım müdafiədən hücuma keçməyi,hamısı yığışıncaya qədər gələnləri birər-birər daşlayıb qorxutmağı məsləhət gördü və elə də elədik.
Biz daşları topladıqca onlar daha artıq qızışdılar,daha şiddətli hücuma keçdilər.Paçamdan tutmağa çalışan bir köpəyin ağzına əlimdəki tikəni verdim.O dəqiqə dartınıb əlimdən aldı.Bu sırada yoldaşım dadıma çatmasaydı,köpək pirin heyfini məndən çıxacaqdı.İstədim çəpərdən bir tikan daha çıxaram,lakin bizi elə sardılar ki,bir addım belə tərpənməyə mümkünümüz olmadı.Əgər divara arxa verib bir-birimizə kömək etməsəydik,kəndlilər vaxtında çatmasaydılar bizi çoxdan yerə sərmişdilər.Doğrusu,böyük fəlakətdən qurtulduq,lakin bizimki də bizə oldu.Qonaq yerinə çatıb soluğumuzu geniş dərməyə başladıq.Uzun bir zaman rahatlanandan sonra özümüzə gəldik.Lakin qayğımız bununla qurtarmadı.Böyüyü geridə idi: ertəsi günü şəhərə gedib dərsə çatmalı idik.Lakin mümkünmü?Piri,bizim yandırdığımız duyulmuşsa! Buna görə,özümüzü yalandan xəstəliyə vurduq.Qonaq yiyəsi Yusif əfəndinin oğlu Vahabı sükutca şəhərə göndərdik ki,həm bizim naxoşluğumuzu məktəbə xəbər versin,həm də duysun görək şəhərdə təzə nə xəbər var.
Axşamüstü Vahab qayıdıb,bizdən nigaran olduqlarını anlatdı və şəhərdə olan təzə danışıqlardan xəbər verdi:
– “Öskürək piri”nin bir yanı azca yanmış, səhərdən ziyarətə gedənlər uzaqdan görüb tezcə yüyürmüş, söndürmüşlər. Söndürənlər deyirlər ki, oradakı sönməmiş bir şamdan od tutmuş, öz-özünə yanmış.Çünki onlar o yaxınlarda heç kəsi görməmişlər.
Bununla bərabər şəhərə ancaq iki-üç gün sonra gedə bildik.Qulağımız həmişə pirə aid dedi-qodularda idi.
– Bəlkə şiələr paxıllıqlarından yandırdılar… Bəlkə pir murdar adamların nəzirini qəbul etmədi, onları özü yandırdı.
Aha,demə bizi kimsə görməmiş.Buna minlərcə şükürlər etdik.Yoxsa Şəkidə bir gün də qalmaq olmazdı.
Pirə gedənlərin çoxu biçarə qadınlar idi.Bunlar oraya azarlılarını tədavi ümidilə və ya azara bəhanə edib ev dustağından qurtulmaq,bir az geniş soluq alıb ətrafa tamaşa etmək, rahatlanmaq üçün gedirlərdi.
Axalsıxdan xatirələr
Cənab mühərrir!
Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, nə də əski!
Camaatımız mərhəmətlidir. Sənət məktəbinin bir xeyli xərcini çəkib erməni, yəhudi və gürcü ətfalını məccani oxutdurur.
Camaatımız qənaətlidir. Öküz və eşşək işlərindən qeyrilərə baxmazlar. Bu səbəblə uyezdlərimizdə bir müsəlman dəmirçisi, yemənçisi bulunmaz. Amma kiçik bir köydə, məsələn, Azqurda müsəlmanların parası ilə keçinən beş böyük meyxana, altı qəhvəxana vardır. Bu hesabca qırx min cana bir üsul-cədid məktəbi düşdüyü halda, iyirmi evə bir meyxana ilə iki qəhvəxana isabət edir. Maarifimiz də o dərəcədədir ki, dörd saatlıq yol olan Qori darülmüəllimində bizdən ancaq bir müsəlman var.
Camaata rəhbər olacaq dövlətlilərimiz, bəylərimiz az deyil. Heyf ki, maarifə, millətə olan hümmətləri pək azdır. Bu səbəbdən camelərimiz viran, məktəblərimiz pərişan, halımız yamandır.
Ö.Nemanzadə.
“Tərcüman” qəzeti, 7 yanvar 1900, № 1
DƏRDİMİZ VƏ DƏRMANIMIZ
Şükür xudaya! Qədim cəhalət dövrlərində deyiliz. Adətən qeyri, lakin ümumi istiqbala xeyirli olan fikirlər, təşəbbüslər qədimdə olduğu kimi birdən-birə söndürülmür. Bunlara daha günahkar fikir, şeytan işi deyilmir.
Bir çox vaxt zəhmətlərlə meydana gətirilən ali təşəbübslər, işlər boş, quru sözlər ilə rədd edilmir. “Şöleyi-həqiqət müsalimeyi-əfkardan zühur edər” qaydası ortaya qoyulur. Arzuyi-maarif, fikri-üxuvət və insaniyyət dairələri yavaş-yavaş irəli gedir. Bu dairələr durğun suya atılan bir daşın ətrafında peyda olan dairələr kimi bir-birilərindən getdikcə artıq böyüyür. Yenə şükür xudaya ki, ən birinci bəxşeyişi-ilahi olan (əql) sayəsində əzəmət və qüdrəti-ilahiyyeyi-fikri bəşərin yetdiyi dərəcədə anlamaq və übudiyyətə insanca layiq olmaq üçün keyfiyyəti-xilqət, əsrari-təbiyyat tədqiq və təmin olunur.
Ən həqir bir otun, nəbatın surəti-təkəvvünündən cənabi-həqqin əzəmət və səmadaniyyəti təqdir olunur.
“Hər vərəqəş dəftər ist mərifəti-gerdigar” (Tərcüməsi: “Hər vərəqi varlıq mərifətinin bir dəftəridir”.) ilə “olsa istedad arifi-qabil idraki-vəhy… Həqq irsalına hər zərrədir bir Cəbrayıl” (Tərcüməsi: “Arifin istedadı ilahiyyəti dərk etməyi qabil olsa…haqqa çatmağa Cəbrayıl bir zərrədir”) hikmətlərinin boş yerə söylənilmədiyi anlaşılır, zühura gələn hər məxluqat və mövcudun mütləq bir səbəb və himəti-ilahiyyəyə müvafiq bir surətdə xəlq buyurulduğu sirri bilinir, həqq-təala təbiətin təsir və iqtizasını bir səbəbi-xilqət olaraq bəxş buyurduğu fəhm edilir. Buna binaən heç bir şeyin bilasəbəb zühuru gözlənilmir. Anlamadıqları qədri təqdiri-qisməti bəhanə edən tənbəllər, səfehlər kimi həqqin ən böyük neməti, əsrari-ilahiyyənin, cilvəgahı, təkalifi-şəriyyənin məhəli-təhəmmülü olan əql boş yerə çevrədilmir. Məsələn, su, atəş və ya bir otun, meyvənin nə surətlə Allahın verdiyi, hansı səbəblə vücuda gəldi düşünülür. Qış ortasında gözəl bir çiçək, xoş bir meyvə hüsulə gətirmək üçün artıq baharın gəlməsi, istinin, hərarətin zühuru gözlənmir. Neməti-ilahiyyə olan əql ilə təbiət tədqiq və təqlid edilir. Məxsusi bir məhəl yapılır, soyuq olmamaq üçün üzəri çalma, ayna ilə örtülür. Qışın ağ qar çiçəkləri arasında süni çiçəklər, meyvələr meydana gətirilir. Böyləcə təbiəti-əsliyyə səbəbi ilə hüsulixeyl zamana müvafiq olan məhsulat elm və əql qüvvəti ilə süni olaraq zühura gətirilir.
İndi buraya qədər saydığım elm və əql xarüqələri, əsərləri hər kəs bilər və təsdiq edər ki, (haşa) bizlərin deyil, mədəni mərifət sahiblərinindir, ya bizlər bütün-bütün pərişanmıyız? Xeyr, eylə işmi olar? Qədim, xalis, mütəddiyyin, elmi-islamların vaxtilə vücuda gətirdikləri əsərləri avropalılardan tərcümə edilən kitablarda oxuyuruz. (tövbə!) İndiki mədənilərin yapdıqlarını görürüz. Ağzımızı bir qarış açıb sərsəm, mədhuş qalırız. Bu qədərmi? Xeyr, gördüklərimizdən ibrət alayız.
Bəli, biz də keçmiş islam mədəniyyətlərindən indiki Avropa tərəqqisindən ibrət alırız. Amma nə cürə? İştə bilinəcək cəhət də burasıdır. Bir çox mollalarımız, oxumuşlarımız var. Qədim islam mədəniyyətini, yalnız adı qalmış indiki zahiri şəriətimizlə o mərtəbəyə, o kamala yetmiş, çatmış zənn edirlər və bu gün də o fəsad, kar-görməz fikirlə guya tərəqqi etmək, qabağa getmək istəyirlər. Heyhat!
Bir qisim kişilərimiz də var. Mədənilərin əsərlərini və o səbəblə də onların rəftarlarını, hallarını xoş görürlər, onlar kimi olmaq istəyirlər. Mədəniyyəti paltarda, dildə zənn edərək, uzun arxalıqlarını, başmaqlarını çıxarıb gödək jaket, dar çəkmə geyirlər, hər kəsin 15-20 ildə yetdiyi indiki mərtəbəyə bunlar 5-10 manatla on dəqiqədə nail olurlar. Az vaxtda tərbiyəli meymunlar kimi yekə bir obrazovannı olub qurtulurlar (qeyrətlərinə nəzər dəyməsin!) firəng köynəklərinin yaxasını qulaqlarına qədər çıxarırlar, amma qafalarından köhnə fikri, xəbərsizliyi çıxarmayırlar.
Başlarında elmdən, mərifətdən, aləmdən xəbər yox! Mədəni ərəblərin “əlvəqt seyfun-qateun, əlvəqt naqdun” (Tərcüməsi: “Vaxt kəskin bir qılıncdır, vaxt qızıldır”) hikmətini bunlar “əlvəqt bizzovqi billabiyə”yə (Tərcüməsi: “Vaxt kefdə, damağda”) çevirmişlər. İştə bu nazəninlər nə müttəqi, nə də mədənidirlər. Arada sərsəm, avara, yarım cahil (özlərincə obrazovannı), meymunca müqəllid qalmışlar. Bir sözlə, nə axirətləri var, nə dünyaları. Qardaşlar! İndiyə qədər nə oldu, oldu, nə zərər etdik, getdi. Bundan sonra olsun, bir kərə aləmə nəzəri-ibrətlə baxalım, baxalım ki, hər gündə, bəlkə hər saatda yerdə-göydə indiyə qədər neməti-ilahiyyə, qüvvəyi-təbiyyə aşkara çıxarılır. “Neməti bilməz əsiri-cəhl olan, qismətin eylər füzuntər əhl olan” qayidəsinə həqlə əməl edilir. Allahın ən böyük neməti olan əql səfeh və axmaqca boş yerə tələf edilməyir, bizlərin:
Fərz bil ürfanı, təhsildar ol,
Ümurundan vaqifi-əsrar ol.
Mərifət can oldu, insan cism olur
Mərifətsiz laşeyi-biism olur –
hikməti fərzi insaniyyət kimi tutulur. Əqli-salim qüvvəti ilə hər anda əsrari-təbiyyəyi kəşf edib elmi insaniyyətə xidmət edəcək ali fikirlər, böyük işlər, faydalı alətlər, dərmanlar, əczalar, vasitələr meydana gətirilir. Bir gör də özümüzə baxalım! Hanı bizdə bir Maniyi-müxtəre müvəccid, aşiqi-səyyahımız. Dövlətli, adlı adamlarımız yox deyil, alimlərimiz var, ara-sıra mərhəmətə, cuşa gəlib elm və mərifətin lüzumu barəsində minbərdə, qəzetlərdə köhnəlmiş, min kərə söylənmiş fikirləri, sözləri təkrar edirlər. Çox gözəl! Amma iş yapmağa, görməyə ixtiyarları, qüvvətləri olan böyüklərimizdən yalnız boş fikir, quru söz gözləmiyiriz. İndi həzrəti Adəm dövründə deyillər. Avamlar, kəndlilər belə elmin, mərifətin qədrini, lüzumunu anlayıb qanırlar. Amma bu gözəl səmtə getmək yolunu, qaydasını bilməyirlər. Buna görə elm yollarını bunlara sözlə deyil, işlə, öncülük olmaqla bildirməlidir. Yoxsa sözü hər kəs söylər, amma işi kəs yapa bilməz. Bu cəhətlə böyüklərimizdən bizə quru söz deyil, ciddi ürək, qeyrət, iş lazımdır.
Öz vicdanlarında düşünsünlər ki, 15-20 il məmuriyyətlərində insaniyyətə, millətə nə iş görmüşlər?
Bəli, dövlətlilərimiz də var, amma çoxu ömürlərini yalnız pul toplamağa vəqf etmişlər. Pul küpü, sandığı mərtəbəsinə düşmüşlər. Guya mərifət bunlar üçün lazım deyil, səhərdən axşama qədər pul hesabı ilə, axşamdan səhərə qədər pis, qorxulu yuxu, duş ilə məşğul olurlar. Bu kimilər “İnsan yaşamaq üçün yeyir” qaydasını pozub “insan yemək, pul cəm etmək üçün yaşayır”a çevirirlər.
Xeyli islam məmurlarımız, məlumatlı kişilərimiz var. Var, amma öz dillərində qəzet oxumağa deyil, onunla söyləməyə, danışmağa belə haya edirlər. (Vəsübhan allah!!!)
Bir çox qəzetə oxuyanlarımız var; amma özlərindən bir qəpik pul verib alıb oxumaq istəmirlər. Toylarda, məclislərdə “Mənim də adımı çəksinlər” fikri-cahilanəsi üçün pul yağdırırlar. Lakin qəzet, kitab üçün iki qəpik verməyə alışmamışlar: həmiyyətli qonşusundan, yoldaşından araya alıb yarım gözlə oxumağı adət etmişlər. Hasilə bu gün hər cürə halımızla keçmiş islam maarif qəbiristanının məzar daşları hökmündə yalnız bir boy göstərirsiz. Aşağıdakı beytlər tamam bizim üçün söylənmiş:
Ləhv ilə ləhəb oldu bizdə kargər
Əslimizdə yox nəsihətdən əsər.
Qüvvəti-dil bizdə düruq lafu lağ,
Bizdə şur mədədir, hökm-bəlağ.
Rəncimiz izafi-əfzun istəriz,
Əql üçün daruyi-əfyun istəriz.
Bununla bərabər, aramızda iş görən fazillərimiz, məktəblərə, xəlayiqə kömək, yardım edən dövlətlilərimiz, qəzet-kitab qədrini bilən oxuyanlarımız az deyil. Amma qonşularımıza, zəmanəyə, ehtiyaca görə çox azdır. Doğruyu nə üçün rədd edəlim? Divar, torpaq qonşularımız bu gün bizim istədyimiz, xeyir, möhtac olduğumuz məsifət və mədəniyyətə 50 il əvvəl başlamışlardır. Bizlər hələ cəhalətin qurbanı, avropalıların nökəri, daha açığı, qonşularımızın sağılam inəyi mənzilində, məzəllətində qalmışız.
İlahi, bizim millətimizin mərifət baharı nə vaxt gələcək? Elm çiçəklərimiz nə zaman açılacaq? Həmişə böylə gözü bağlı, dili lalmı qalacağız? Bu nə halətdir ki, biz düşmüşüz. Bu nə yükdür ki, biz çəkirik? Daha nə zamana qədər bu cəhalət boyunduruğundan qurtula bilməyəcəyiz? Axı biz də insanız! Cəhalət ilə puç olub gedən, mərifət ilə salamata çıxan millətlərdən ibrət alalım! Onlara bu barədə şükür-dua edəlim. Edəlim ki, bizə öncülük, rəhbərlik edib nümuneyi-misal olmuşlar. Mərifət və cəhalətin xeyir və şərini çox əvvəl pək böyük fəlakətlər ilə təcrübə etmişlərdir. O dərəcədə ki, daha bizə təcrübə üçün bir qaranlıq nöqtə olsun buraxmamışlardır. Ancaq bu gün bizə qalan vəzifə bu neməti qənimət bilib insanca istifadə etmək, ibrət almaqdır. Həzrəti Mövlananın (1) dediyi kimi,
İndi şükür olsun bizə, pərvərdigar
Verdi əslafi-üməmdən etibar.
Aqil oldur kim bilib keyfiyyəti
Qeyrin əhvalından aldı ibrəti.
Üstuxanü-pəşmü-giryani-sələf
Oldu pındi-hissədarani-sələf.
Əhli-ibrət sahibi-xibrət olur,
Yoxsa halı qeyriçün ibrət olur.
Bəli, tədbirsiz təvəkkül, səysiz qədr ilə boyun büküb durarsaq, halımız qeyrilərə şəksiz ibrət olacaq. İnsaf ilə fikr edəlim. Mücərrəb olan bir işi, bir keyfiyyət ki, təbiəti-zəmaneyi hüsuli qəti və mühəqqəqdir, daha bundan inad və israf ilə özümüzü fəlakətlərə, bəlalara salmağın nə yaraşığı var. Görünmüş və görürük ki, istər islam, xaçpərəst, istərsə möcüzi-sayib olsun, salamat və rahata yetmək üçün mütləq qədim islamların indiki avropalıların keçdikləri körpü ilə keçəcəkdir, daha bu körpünü buraxıb boğula-boğula sudan keçmənin nə ləzzəti var. Bu gün aləmi-islamiyyətin işıqlı yerlərində Avropa vücuda gətirilən açıq, asan, faydalı kitablar, əsərlər, alətlər gündən-günə çoxalmaqda, üləma onları istifadə etməkdədir. Daha bunlara baxmayıb, 15-20 il zəmanənin iqtiza və icadı ilə yazılan cameyi-qəvaidi əzbərləmək ilə, ərəb saçına oxşayan qarışıq, xırda haşiyələrlə hökmü, əsabəti çoxdan köhnəlmiş, qoxumuş xəyal və cəfəngiyyatdan ibarət olan cəfər, nücum, rəməl… və s. Ilə vaxt keçirmək, iqtifa etmənin nə manası var.
Keçmiş islam mədəniyyətinin keyfiyyət hüsulunu tədqiq əsərlərini yada gətirib bu günkü halımız ilə qiyas edə bilməz isək yenə hər kəsdən əvvəl babalarının mərtəbəsinə varmağa çalışan Misir islamları ilə vəhşi cərgəsinə düşmüş Ərəbistanın, Fasın, Sudanın hallarını, bir az daha irəli gedərək bir millət, bir məzhəb, bir qardaş olan Yaponiya ilə Çinin hallarını qiyas edəlim. Xeyr, xeyr. Bunun üçün o qədər uzağa getmək də istəməz. Yanı başımızdakı dükan yoldaşımız, həmşərimiz, tanışımız ermənilərin, gürcülərin halına, işlərinə, bir də bizim halımıza, səfalətimizə yad gözlə deyil, diqqətlə baxalım ki, aramızda dağlar qədər təfavüd var. Onlar hünərli, məlumatlı, rahat, asudə, biz isə əksəriyyətlə çoban, yuxulayan, həqir, fəqir, cahil, qafil… qalmışız. Qardaşlar, acı, lakin doğru sözdən inciməyəlim. Dərdini söyləməyən dərman bulmaz. Qızdırma üçün hər zaman şəkər, qəndiyyə içmək yerinə bir az da xinə içəlim. Şükr allaha, dünyanın halı gözümüzün önündədir. Çinlilər kimi dünyanın bir kənarında deyil, dünyanın hər tərəfində, hətta mədəni millətləri ilə torpaq, qapı qonşusuyuz. Çinlilər belə Avropanın bir dəfə vurduğu zərbə ilə oyanmağa başlayır, biz nə qədər hissiz və vicdansız ki, vücudumuz parçalanır, ürəyimiz dağılır, namusumuz ayaqlar altına alınır, həqirliyimiz, alçaqlığımız yerin dibinə keçir, keçir də yenə bir kərə olsun gözümüzü açmaq, ibrət almaq istəmiriz. Of, insan fikir edəndə divanə olmaq istəyir. Nədir bu günkü dərəkəmiz, nədir qonşularımız arasındakı həqarətimiz? Yeri gələndə qədim ərəb mədəniyyəti ilə fəxr ediriz. Avropalılar mədəniyyəti islamlardan aldılar deyə şişiriz. Amma bir kərə fikr edəlim ki, bu bizim üçün nə qədər ayıbdır. Avropa xaçpərəst ola-ola qədim islam mədəniyyətini qəbul etsin də, biz öz malımızı almaqda, öyrənməkdə bu dərəcə inad göstərək? Üzrümüz qəbahətdən böyükdür. Utanalım!..Utanalım!..
Nuh zamanında deyiliz. Zəmanənin halı və təsiri ilə tərəqqi nişanəsi olaraq bizim aramızda da iş görən fazillərimiz, kitab, qəzet yazan mühərrirlərimiz var. Amma çoxluğumuza görə heç! Kitab, qəzet yazan əksərən müştəri bulamadıqlarından kağız pulunu, basmaxana xərcini belə çıxara bilməyirlər. Yüz ildə bir zühur edən həmiyyətlilərimiz pək böyük məşəqqətə, fədakarlığa düçar olurlar. İştə bunlardan biri olan qiymətli, əziz “Tərcüman”ımız min həftədir fəryad edir, qayət hakimanə bir məsləklə milləti səlamətə, mərifətə doğru sövqə çalışır. Həftədə bir dəfə bu kiçik qəzetin insaniyyətə, islamiyyətə gördüyü xidmət allah üçün pək böyük, çox-çox alidir. Amma illərcə cəhalət qaranlığında qalan bir millət üçün 20 ildə kiçik bir qəzet çox azdır. İki milyon erməni qonşularımızın 7-8 qəzeti, minlərcə kitabları var. Heyf ki, 15-20 milyon biz müsəlmanların həftəlik kiçik bir qəzeti də çox görülür. Oxuyanlarımız çox az, həqiqəti gizlətməyəlim. Üləmamızın, böyüklərimizin çoxu lazımınca hümmət göstərmirlər. Qəzet oxumağı günah hesab edən, məzhəbləri bilinməyən bəzi nadan natiq mollalarda, kişilərdə işim yox, bunlar həqiqətdə deyilən:
Mərdome-moqəddəs ra xub şənasəd, hatef
Kafərəm mən əgər in tayifə dindaranənd.
Xülasə, indiyə qədər min dürlü təcrübələr ilə isbat edilmiş bir həqiqətdir ki, hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar. Mərifətin birinci vasitəsi, xətibi, vaizi isə məcmuələr, qəzetlərdir. Qəzet aləmin güzgüsüdür. Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur, qəzet aləmin ən nüfuzlu, təsirli vaizidir. Qəzet hər millətin ölçüsü, mizanıdır. Qəzet məmləkətin hamisi, vəkili, advokatıdır. Şükr Xudaya, bizdə də dövri-tərəqqiyə girəcəyimizi bildirən əsərlər, şahidlər çox gec də olsa zühur etməkdədir. İştə çoxdan bəri görülən bir nöqsan və ehtiyacımızı ikinci bir türk qəzetimiz ikmil üçün möhtac olduğumuz “Şərqi-Rus” adında Tiflisdə nəşr olunmağa başladı. Qəzet sahibi özünə düşən həmiyyət və millətpərvərliyini göstərdi. Görəlim! Biz camaat da özümüzə düşən müaviniyyət və kömək vermək vəziifeyi-milliyyə və insaniyyətimizi göstərib təzə çıxan bu işığa rövnəq verəcəkmiyiz?
Faiq Nemanzadə
“Şərqi-Rus” (2) qəzeti, 4,6,11 aprel 1903, № 3,4,5.
(1) Mövlana – Şərq ədəbiyyatının klassik şairi, fars və türk dillərində gözəl əsərlər yaratmış, mövləvilik təriqətinin əsasını qoymuş Cəlaləddin Rumi (1207-1273)
(2) “Şərqi-Rus” – Əsrimizin ilk Azərbaycan qəzeti. 1903-1905 –ci illərdə Məhəmmədağa Şahtaxtinski (1846-1931) tərəfindən Tiflisdə nəşr olunurdu. Qəzetin rəsmi redaktoru M.Şahtaxtinski olsa da, əsas mühərrirləri C.Məmmədquluzadə və Ömər Faiq idi ki, onlar gələcək əməl dostluğunun ilk təməl daşlarını burada qoymuşdular.
Ömər Faiq Nemanzadə və azərbaycançılıq ideyası
Ömər Faiq Nemanzadənin publisistikasında milli dil problemi
X əsr Azərbaycan publisistikasının inkişafında böyük xidmətləri olan şəxslərdən biri də görkəmli jurnalist, molla nəsrəddinçilərin ideya rəhbərlərindən biri, C.Məmmədquluzadənin yaxın dostu və məsləkdaşı Ömər Faiq Nemanzadədir. O, fəal bir ziyalı kimi ölkədə baş verən ictimai-siyasi və mədəni hadisələrin fəal iştirakçısı olmuş, xalqın maariflənməsi və azadlığı uğrunda yorulmadan mübarizə aparmışdır. Cəmiyyətdə gördüyü nadanlığı, savadsızlığı və ədalətsizlikləri qələmə alaraq müxtəlif ədəbi məcmuələrdə dərc etdirirdi. 1905-ci ildə isə Ö.F.Nemanzadə Tiflisdə «Qeyrət» mətbəəsi açmağa nail olur. Adından göründüyü kimi, müəllif əqidəli, Vətən, millət təəssübü çəkən yurddaşlarını milli dirçəliş və milli birlik uğrunda qeyrət göstərməyə çağırırdı.
Ömər Faiq Nemanzadə cəsarətli bir publisist kimi 1906-cı ildən 1917-ci ilə qədər «Molla Nəsrəddin» jurnalının məsul katibi olmuşdur. Professor Əziz Mirəhmədov Ömər Faiqin bu ədəbi məcmuələrdəki fəaliyyətini qiymətləndirərək yazırdı: «…Gördüyü işin böyük əhəmiyyətini dərindən dərk etdiyi üçün Faiq bütün varlığını, bacarıq və qüvvəsini bu işə verirdi. İstər «Qeyrət»in, istərsə «Molla Nəsrəddin»in fəaliyyəti dövründə o, dostu (C.Məmmədquluzadə- O.H) ilə əl-ələ verib irticanın hücumlarını dəf etmiş, lazım gəldikdə hətta qaragüruhçularla açıq mübahisə və mübarizəyə də qoşulmuşdu. Faiq dostundan çevikliyi, yorulmazlığı tez ünsiyyət bağlamaq xüsusiyyəti ilə də seçilirdi.»
Başqa mollanəsrəddinçilər kimi Ömər Faiq də təhqirlərə, təqiblərə, təhdidlərə və həbs olunmasına baxmayaraq, öz kəsərli qələmi ilə ictimai həyatda və xalqın maariflənməsində inamla mübarizə aparmışdır. Ö.F.Nemanzadənin ədəbi yaradıcılığı geniş və çoxşaxəlidir: burada mətbəəçilik və redaktorluqdan tutmuş, müxtəlif ədəbi dərgilərdə şeir, hekayə, məqalə, felyeton və s. janrlarda yazıb yaratması və maarifçilik sahəsində apardığı işlər daxildir. Onun yazıları «Şərqi-Rus», «Tərcüman», «Molla Nəsrəddin», «İrşad», «Həyat», «Açıq söz», «Sərvəti-fünun» və s. ədəbi məcmuələrdə çap olunurdu. Bu məqalə və felyetonları o, 40-dan çox, o cümlədən «Heyrani», «Məşrutəçi», «Lağlağı», «Ümidvar», Ümid» imzaları ilə çap etdirmişdir. Həyatda rastlaşdığı bütün çətinliklərə baxmayaraq bu vətənpərvər jurnalist xalqın xoşbəxt gələcəyinə ümidlə baxırdı. Xalq yazıçısı Elçin bu münasibətlə yazmışdır: «…Lakin ümidvar ümidini itirmirdi və ən əsası isə, onun özünün qələminin fəaliyyəti bir ümid yaradırdı. Çünki bu qələm, yuxarıda yazdığımız kimi, yatmışları oyadırdı, xalqı xalqın özünə tanıdırdı — Ümidvarın qələmi ümid saçırdı.»
Dövrün qabaqcıl ziyalısı kimi o, öz xalqını dünyanın ən mədəni xalqları səviyyəsində görmək arzusu ilə yaşayır və nicat yolunu elmdə, təhsildə, xalqın maariflənməsində görürdü. Başqa millətlərin irəli getdiyi halda, o, «müsəlmanlarda bir tərpəniş» görmür, daxili bir təəssüf və narahatlıq hissi keçirərək yazırdı: «…Qiyamətə qədərmi kor gəlib, kor gedəcəyiz? Qafil doğub, qafil öləcəyiz? Boynumuzdakı bu ağır cəhalət zəncirlərini, qəflət yüklərini məhşərə qədərmi sürükləyib götürəcəyiz?»
Ömər Faiq zəmanəsinin bütün insanlarını — şeyxülislamları, müftiləri, qazıları, mollaları, axundları, müəllimləri, qulluqçuları «geri qalan camaatın dərdinə qalmağa», öz mənəvi suverenliyi uğrunda mübarizəyə çağırırdı. Özgə millətlər, dünya gündən-günə dəyişib inkişaf etdiyi halda mübariz publisist özünəməxsus daxili bir yanğı ilə yazırdı: «Əsil islamiyyətdən, zəmanənin təqazasından bixəbər yatırıq, halbuki, zaman dəyişir, dünya dəyişir, hər zərrə dəyişir… İnsaf və mürvətmidir ki, bizlər hər şeydən də dişarı olaq? Dəyişməli, biz də mütləq dünyəvi əməllərimizi, göz görə təhlükələrə, səfalətlərə sürükləyən köhnə adətlərimizi, cahilanə fikirlərimizi, əməllərimizi dəyişməliyik. Və illa özgələr bizləri bütün özgə yolda dəyişdirib yox edərlər».
Maarif və mədəniyyəti inkişaf etdirməyin ən birinci şərtini o, kitab və qəzetlərdə — mətbuatda görürdü. Onun fikrincə «hər millətin mədəniyyət və qüvvəti mətbəələrin sayı ilə mütənasibdir». Xalq şairi Bəxtiyar Vahabzadə Ömər Faiqin yaradıcılığına həsr etdiyi məqaləsində yazırdı: «Onun (Ömər Faiqin — O.H.) qələmi zəmanəsinin ən ciddi, ən zəruri ictimai problemlərinə toxunmuş, xalqının səadəti, tərəqqisi üçün elm, təhsil, məktəb, maarif, dil saflığı, əlifba, fəhlələr üçün həmkarlar təşkilatının zəruriliyi, tətil azadlığı, milli gəlir və sairə kimi ən vacib məsələlərdən yazmışdır».
«Ay mənim sevgili məzlum millətim, vaxtdır oyanaq, vaxtdır iş görək»-deyən müəllif öz həmvətənlərini mənfəətxorlara, dinini, millətini «iki qəpiklik xeyrə satanlara boyun əyməməyə», «dəhşətli vaqiələrdən» ayıltmağa səsləyirdi. Ömər Faiq Nemanzadə bütün publisistik yazılarında xalqla xalqın öz dilində danışırdı. Xalqa olan inamın nəticəsidir ki, o, «Dəvət və təvəqqe» məqaləsində yazırdı: «Xülasə, bizim hər cür ümidimiz camaatın oyanmasında, camaatın öz xeyir-şərini özləri tanımasındadır».
Ö.F.Nemanzadənin publisistik yaradıcılığında dil məsələlərinə həsr etdiyi məqalələri xüsusi yer tutur. O, mübariz bir mətbuat işçisi, vətənpərvər ziyalı kimi daim Azərbaycan dilinin təmizliyi keşiyində dayanmış və bu sahəyə aid bir sıra məqalələr yazıb çap etdirmişdir. Ömər Faiqə görə milləti sevməyin birinci əlaməti onun dilini sevməkdir. Professor Şamil Qurbanov yazırdı ki, «milli dil problemi onun yaradıcılığında başlıca yer tuturdu. Bu da təsadüfi deyildi. Çünki XX əsrin Azərbaycan ziyalılarının əsas mübarizə hədəflərindən biri də milli dilə xor baxan, ona biganə olanlar idi. Ana dilinə olan məhəbbətin ifadəsidir ki, Ömər Faiq yazırdı: «Dil yoxluğu millət yoxluğudur», «Mən inanmıram ki, dilini sevməyən xalqını sevsin», «Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq» və s.. «Yazımız, dilimiz», «İkinci il»imiz adlı məqaləsində müəllif dilimizin ahəng qanununu inkar edib, onu ərəb-fars qəlibinə salmaq istəyənlərə tutarlı cavab verirdi. Dilimizdə əsl öz sözlərimiz olduğu halda alınma sözlərin işlədilməsinə öz etirazını bildirirdi: «…Biz deyirik: çox heyflər olsun ki, dilimizin yarısını ərəb və fars sözləri ilə doldurub bizi dilsiz və bədbəxt etmişlər. Elm və mərifətin camaat arasında yayılmağına böyük əngəl olmuşlar. Dilimizi genişləndirərkən, qaşımızı qayırarkən gözümüzü çıxarmışlar».
«Eşqvəməhəbbət» məqaləsindəÖmərFaiqqeydedirki, dilimizdünyadakıasanvəgözəldillərdənbiridir. O, anadilimizəhəqarətləbaxanlarıvəbudildədanışmağışəninəkəsirbilənlərikəskintənqidedərəkyazırdı: «Bizimbəziağalardilimizinçətinliyinibəhanəedibevdəarvad-uşaqilədəözgədildədanışmaqxəyalındabulunurlar. Tiflisdəbeşziyalıbirarayagələndəgörməzsinizki, özdiliilədanışsın. Buranınqonaqlarında, yığıncaqlarındamillidil, milliadət, millisüfrə, millisadəlikbulmazsız.Hələxanımlardeyəsənki, millidilədüşməndirlər.Bunlarınadlarıözgə, dilləriözgə, adətləriözgə, diləkləriözgə, tərbiyələriözgə, gələcəkləriözgə, məhəbbətləriözgə! Bilmirəmbunlarınmillilikdənpaylarınədir?Bilmirəmbugedişləharagedirik?»
Oktay
Xalq Cəbhəsi.- 2013.- 31 yanvar.- S.14.