Tag Archives: Maarifciler
Şamaxıdan xatirələr
Məşhur jurnalist, “Molla Nəsrəddin” jurnalının redaktoru, ictimai xadim Ömər Faiq Nemanzadənin memuarından bir hissəni təqdim edirik.
Həmin hissə Ömər Faiqin Şamaxıda müəllim olduğu dövrdəki təəssüratları əsasında yazılmışdır.
“Burada fanatizm Şəkidən və bir çox yerlərdən də artıq idi. Fanatizmin ən böyük hissəsi şiələrdən ziyadə sünnilərin üstünə düşürdü. Şəki, Gəncə, Qazax, Bakı, Şuşa və başqa yerlərdə də şeyx, imam, təriqət büsatları əskik deyildi. Lakin burada olduğu qədər heç bir yerdə kök salıb genişlənməmişdi. Şamaxı uyezdi başdan-başa şeyxliyə bölünmüşdü:
Külüllü tərəfində Şeyx Bilal əfəndi, Kürdəmir mahalında Şeyx Hacı Mahmud baba, Qaraqoyunlu səmtində Şeyx Hacı Mustafa şah, Qobustanda Şeyx Həmid paşa hökmran idilər. Bu həriflərin elmləri bir yana dursun, adi savadları belə yox idi. Lakin camaat arasında böyük nüfuz və hörmətləri var idi. Camaat hökumətdən artıq bunlara tabe idi. Camaatın ən gözəl yeyəcəyi, mal-qarası sədəqə, nəzir, ehsan yolu ilə bunların qarınlarını dolandırırdı. Şeyx Həmid paşanın böyük qoyun sürüləri, at ilxıları, qaramal naxırları mahal çöllərini tutmuşdu. Buğda ilə dolu anbarları kiflənib yatırdı. Şeyxlərə təkcə avam kəndlilər deyil, şəhərlilər də hörmət göstərirdilər”.
“Qaraqoyunlu kimi böyük bir kənddə yarımçıq da olsa, bir məhəllə məktəbi yox idi. Burada və ətrafında camaat bütün fakir və xəyalını müridbazlıq adı ilə təriqət oyunlarına vermiş, əsəri-maarif bir yana dursun, köhnə üsul tədris elmlərindən də nişanə yox idi. Belə yerlərdə qadınların halı kişilərinkindən daha acınacaqlı, daha səfalətli, daha da ağır və qəmli idi. Buralarda qadınlar, möminlərin köhnədən bəri deyilən kimi, kişilərin və xüsusilə də şeyxlərin əyləncə və iş malları idi…
Bir çox şeyxin iki-üç şəri arvadı olduğuna baxmayaraq, şeyx hərəmxanası – kiçik bir ölçüdə olsa da – Soltan Həmidin o çox böyük hərəmxanasına oxşayırdı. Ayrılığı burda idi ki, soltan hərəmxanasına alınan qızlar və qadınlar pul ilə alınırdı, şeyxlərinki isə pulsuz olaraq nəziri-bəst və zövci-axər surətilə dolardı. Bunların başqa təriqətdən xoşu gələn ərli arvadlar, qarnı ağrıyanlar, uşağı olmayanlar, ərlərinə küsənlər, göbəklərini yazdırmaq istəyənlər, şeyx yanındakı cavan müridlərə gözü düşənlər, ərləri fəqir və çirkin olanlar, məşğuliyyətsiz qalan dul arvadlar… hamısı… hamısı şeyx hərəmxanasına toplanardı.
Bir şeyxin boynuna düşən bu qədər tüfeylilərin, müftə yeyənlərin nə ilə yaşadıqlarına təəccüb edənlər, bir-iki kəndin deyil, bəlkə bütün mahalın nəzir, qurban, sədəqə və ehsan adları ilə şeyx üçün toplanan sürü, naxır və ilxıları görsələrdi, heç də çaşıb qalmazlardı. Biçarə avam kəndlilər mülkədarlar, bəylər, ağalar tərəfindən bəhrə və icarə adları ilə soyulduqlarından sonra qalan var-yoxlarını da bu cür oyunlarla ruhanilərə yedirirlərdi.
Hələ bunlar yenə bir dərəcə ədəbli, daha doğrusu, gizli, qapalı idi. Şamaxıda Qobustan mahalında Acıdərə kəndində yaşayan Şeyx Həmid paşanın təriqət büsatı daha razilanə, daha nifrətli idi.
Sırf avam və savadsız olan şeyx ata-babasının nüfuz və hörmətindən istifadə edərək təriqət adı ilə yapmadığı rəzalət, etmədiyi şeytanlıq, sürmədiyi heyvani zövq qalmamışdı.
Bu uzunqulaq hərifin hər gün aşikarə yapdığı rəzaləti görən Qobustan camaatı bu iblisi yenə müqəddəs, möhtərəm hesab edirlərdi. Hətta özünün ətək və ayaqlarını öpə bilməyənlər atının yalını öpmək kimi dünyanın heç bir yerində görülməyən heyvanlıqdan çəkinməzlərmiş. Boy, sifət, şəkil və xasiyyətcə Soltan Həmidə çox oxşayan bu alçaq hərifin özünəməxsus ayrıca bir təriqət ayini varmış: bunun hər kənddə kişi və qadın birər xəlifəsi bulunar, keyfi qalxanda kəndləri birər-birər gəzər, müridlərin təriqət ayinlərinə özü rəhbərlik edərmiş. Zikr və ibadət həmişə axşamlarda, gecələrdə olurmuş. Qabaqca kişilərin ayinlərinə gedər, öz iştirakı ilə onlara guya feyz və həyat bağışlarmış. Qadınların yığıncaqlarını isə qəsdlə dala, daha qaranlıqlara buraxarmış. O burada öz təriqət, hünər və şeytanlıqlarının bütün nömrələrini çıxarar, ruhani cəzb və qəşşadları ilə bütün eşqbazlıq hiylələrini onlara, o sadə ürəklilərə, o çarəsizlərə birər-birər möcüzə kimi göstərər, hamını öz ilahi təriqətinə heyran qoyarmış. Yarı gecələrə qədər sürən ibadətdən sonra qadınlar evlərinə dağılıb gedərlərmiş. Ancaq ibadət zamanı gözə gələn gözəllər məxsus bir iltifat olmaq üzrə xəlifə vasitəsilə saxlanılar, onlara gecə xüsusi bir otaqda yatan şeyxə xidmət etmək kimi ruhani vəzifə tapşırılarmış. Onlar ibadətlə yorulmuş olan şeyxin vücudunu ovxalayıb, qüvvət və qiyamə gətirir və bu sürətlə feyz və savab qazanarlarmış…
Bütün ömrünü təriqət ayinlərində bu sürətlə keçirən, Soltan Həmiddən aşağı qalmayan, hər istədiyi heyvani keyfini sürən bu uzunqulaq lotubaza qarşı kimsə səsini çıxara bilmirmiş. Tərsinə, hamı bu iblisi görüncə əlinə sarılar, iltifatını canına minnət bilərmiş. Bu rəzaləti duyan böyük hökumət məmurları isə eşitməzliyə gələr, camaatın avamlığına ürəkdən sevinirmişlər. Lakin həmin bu məmurlar Şamaxıda təzə açılan milli məktəbdəki partalara, divarlardakı xəritələrə “müsəlmanlığa yaraşmaz”, – deyə etiraz edər və bu yol ilə İslam dininin qeydinə qalarlarmış.
Hər kəsin hörmət etdiyi bu hərifin və bu kimilərin və ümumiyyətlə ruhanilərin 1895-ci ildə Şəkidə, 1901-ci ildə Şamaxıda gördüyüm və eşitdiyim rəzalətlərini ancaq 1904-cü ildə “Şərqi-Rus”da və 1905-ci il inqilabdan sonra isə “Molla Nəsrəddin”də və başqa qəzetlərdə yazıb açmağa başladım (1907-ci ildəki “Molla Nəsrəddin”in 35-ci nömrəsində Həmid Paşa büsatına baxınız!)
Şamaxı camaatını ümumiyyətlə insaniyyətli, xoşxasiyyətli gördüm. Ancaq çox dindar, süfiməşrəb idilər”.
Ömər Faiq Nemanzadə – Ətiqə
Ətiqə – Qədim, köhnə
Bakıda Quba meydanından keçirdim. Gördüm camaat o qədər yığılıb ki,deyəsən cəmə məsələsindən ötrü mitinq edirlər. Biraz yaxın getdim ki, görüm bu nə qiyamətdir? Lakin bir zad anlamadım. Ancaq dəyənək guppultusu ilə qarışıq bağırtı səsləri eşitdim. Bu həngamədə üç-dörd gavur əcnəbi səyyahlar damənə yaxın gəlib, mitinqin səbəbini duymaq istədilər. Bunların biri tez fotoqrafiya maşını çıxarıb mitinqin şəklini almağa başladı.
Mən daha artıq şəkləndim və fikir etdim ki, bu azğın müsəlmanlar polisəni ortaya alıb protest edirlər. Amma camaatın çoxluğundan yaxına gedə bilmədim. Axırda bir həmşəridən xəbər aldım ki, ”Qardaş, bu nə xəbərdir?”
Həmşəri tütün çubuğunu ağzından çıxarıb bir neçə kərə citfit etdi. Tüprüyü düz səyyahın üstə düşdü. Biraz sonra mənə böylə cavab verdi: ”Zalım uşağı itlər gəlib kababçıların ətlərini yeyiblər, kababçılar da itlərdən intiqam alırlar”.
Sonra qandım ki, həmişəki müsəlman mitinqlərindəndir. İstədim ki,işimin dalınca gedim,gördüm ki, həmşərinin tüpürdüyünə acıqlanıb gedən səyyahın əlində ətiqə mallar və bir çox müsəlman qəzetləri var. Əcnəbilərin məmləkətlərimizdə ətiqə mallar aldıqları məlum. Lakin bu müsəlman qəzetlərini yığmaları nə üçün? Bizim təzə qəzetlər onların nəyinə lazım?
Doğrusu,bu iş mənə dərs oldu.Yanlarındakı dilmancdan soruşdum ki, bunlar bizim müsəlman qəzetlərini nədən ötrü alırlar. Dilmanc hazırlaşdı ki, cavab versin,o yandan səyyahın biri türkcə dedi: ”Əfəndim, bunlar bizim üçün ətiqədir.” Bir yevropalının gözəl türkcə danışması və bizim qəzetlərə ətiqə deyib, əziz və möhtərəm tutması mənim milli hissimi oyandırdı. Mən də razılıq üçün dedim:
-Çox sevindim ki,siz bizim qəzetləri ətiqə kimi möhtərəm saxlayıb bizim Qafqazı həmişə yada salmaq istəyirsiniz.
Mənim bu razılığıma qarşı səyyah yavaşca gülüb dedi:
-Əfəndim, bizdə riyakarlıq və yalançılıq olmaz. Sizin qəzetlərin ətiqəliyi özgə cəhətlərdir. Nəinki Qafqaz müsəlman qəzetləri olduğu üçün. Əgər özgə qəzetlər də varsa mərhəmət edib bizim üçün tapınız.
Səyyahın bu acı və rümuzlu sözü mənim başıma su tökülən kimi oldu. Çox bozuldum və dedim:
-Taparam,lakin bizim qəzetlərə nədən ötrü ətiqə deməyinizi qanmadım.
Səyyah:
– Kömək edəcəyinizdən razıyıq. Ətiqə bəhsi uzundur. Vaxtınız varsa, buyurun bizim mənzilə gedib danışaq.
– Çox əgəb – dedim və “yevropa” mehmanxanasına doğru getməyə başladıq, yoldakı söhbətimizdən duydum ki, mənimlə danışan ingilis Misirdə, İstanbulda 10-15 il qalıb, çox gözəl ərəbcə, türkcə bilir. Otağa girib oturandan sonra mən başladım:
– Bizim qəzetlərə sizin nədən ötrü ətiqə deməyinizi bilmək istəyirəm, bəlkə, bizim Azərbaycan şivəsi sizə ətiqə kimi gəlir?
İngilis:
– Xeyr, onlar bizə çoxdan məlum.Bizim bilmədiyimiz ancaq qəzetlərinizin məzmun və mündəricatı idi. İndi oxuyub gördük ki, doğurdan da, ətiqədirlər. Budur ki, alıb məmləkətimizə götürürük və muzeylərdə saxlayacağıq.
Mən:
– Bu söz bizim üçün həqarətdir. Nədən ötrü bizim təzə qəzetləri köhnə mallar,paslanmış paxır pulları ilə bərabər tutursunuz? Halbuki bizim qəzetlər də qonşularımızın qəzetləri kimi hər şeydən yazır,hər şeydən bəhs edirlər. Bəs, nədən ötrü bizimkilər sizə köhnə görünüb, belə şeylərdə də, din və millət təəssübü çəkirsiniz?
İngilis:
– Əfəndim,təlaş etməyəsiniz. Təəcüb yeri yox. Budur, ”Yeni həqiqət”in 3-cü nömrəsi ,oxuyum qulaq asınız.
“İdarədən: Bütün üləma və şair mühərrirlərə təəflik ediriz ki, ”Kitabi-mübin” məsələsinə müdaxilə etsinlər. Bu xüsusda yazılan məqalələrə qəzetimizin sütunları açıqdır”.
Mən:
– Çox yaxşı,bunda nə var ki?
İngilis:
– Əzizim, daha nə olacaq. Qafqazlıların bu sıxıntı halətində Osmanlının, İranın belə müsibətli günlərində siz hələ boş din bəhsləri ilə vaxt keçirirsiniz. Belə bəhsləri özgə millətlər 300 il əvvəl eləyirdi. Halbuki siz bu gün, həm də fəlakətli günlərinizdə eləyirsiniz. Buna görə 300 il əvvəlki qəzetlər bizim üçün ətiqədir, elə də sizin bugünkü qəzetlərinizi (ingilis bu həngamədə çamadandan 5-10 müsəlman qəzeti çıxarıb mənə göstərdi) oxuyursunuz, baxınız,bu təzə dediyiniz qəzetləri. Allah üçün deyiniz: Bunların yazdıqları ilə 500 il əvvəlki adamların fikirləri, əqidələri və adətləri arasında nə fərq var? Ha bir fərq var, bağışlayınız, bu fikirlər, bu əqidələr, bu bəhslər əski zamanda din kitablarında yazılırdı. Amma indi müsəlman qəzetlərində…
Mən bu həqarətə dayanmayıb dedim:
– Səhviniz var, əfəndim! Bizim dinimizin qoşunları sizinki kimi boş dua, quru əxlaq, adi iman və vicdan hisslərindən ibarət deyil.
Biz hər addımımızı min üç yüz il əvvəl gələn şəriətimiz öyrətdiyi kimi və hər işimizi ruhanilərimizin buyurduğu kimi tutmaq istəyirik. Eyib olmasın, bağışlayınız: Döşəkdə yatıb-qalxmağı, hətta ayaq yoluna getməyi də gərək şəriətdən öyrənək. Bu səbəbdən din bəhsləri və nəsihətləri bizim üçün eyni nemət və büyük səadətdir.
İngilis:
– Şəriətinizə sözüm yoxdur. Lakin mən bilmirən Quranın “Kitabi-mübin” olub-olmadığında camaat üçün nə nəf və səadət var? Gözünüzü diqqətlə açıb özünüzə bir baxınız: Nəsiniz, nəyiniz var? Hankı haqqa, insanlığa, musavata maliksiniz? Qafqazı başdan-başa gəzdim. Sizdən cahil, sizdən fağır, sizdən səfil, sizdən qate, sizdən yazığ bir camaat görmədim. Qonşunuz ermənilərin, gürcülərin də dinləri var. Həm sizinkindən də köhnədir.
Qəzetlərinə baxınız. Sizinki kimi boş din bəhsləri ilə camaatlarını məşğul edirlərmi? Onlar sizdən 2-3 qat az olduqları halda, hüquqda, maarifdə, ticarətdə sizdən 2-3 qat yuxarıdadırlar. Bu sözlərdən inciməyiniz. Mən bitərəf bir ingilisəm. Arxayın olunuz ki, siz yazıçıları istədiyim üçün bu sözləri söyləyirəm. Mən:
– Bizi istəyən bizi, bizim qəzetləri pisləyərmi?
İngilis:
– Qanıram ki, sizin indiki halınız lap köhnə yahudilərin və qədim bizans rumlularının halına oxşayır. Siz öz xeyirxahlarınızı da tanımırsınız!
Mən:
– Yaxşı tanıyırıq. Biz heç vaxt qədim yəhudilərə də oxşamırıq bağışlayınız.
İngilis:
– Tam onlar kimisiniz. Bilirsiniz ki, əski osmanlılar da İstanbulun divarlarını topla döyəndə, rumlar Aya Sofiyaya doluşub din bəhsləri ilə bir-birilərini boğurlardı. Kimsədə vətən qeydi, millət qeyrəti, insanlıq hissi qalmamışdı. O idi ki, osmanlılar biraz bir müqavimətdən sonra qoca Bizans imperatorluğunu çürük ağac kimi devirdilər. Sizin bugünkü halınızda o dağılmış millətlərin halına oxşayır. Öz gününüzü, öz dərdinizi buraxıb şeytanın lövhi-məhfuzun, zülcənahın qeydinə qalırsınız. İslam günbəgün irəli getdiyi halda siz hələ 500 il əvvəlki din bəhsləri ilə geri-geri qaçırsınız. İndi deyiniz: Belə bir vaxtda camaatı faidəsiz, din bəhsləri ilə məşğul edən müsəlman qəzetləri “ətiqə”deyillər də, nədir?
Mən:
– Bir qəzetimiz necə olubsa, elə bil zad yazmış.
İngilis:
– Bir qəzetinizmmi? Hamısı belədir. (Bu həngamədə çantasından bir çox qəzet çıxardıb qabağıma tökdü və başladı oxumağa:)
“Burhani-tərəqqi”, nömrə 131: “Qəzetdə oxuyan adamın imaməti caizmi?”
“İşıq” nömrə 1: “İstanbulda bir türk xanımı fotoqrafxanaya gedib üzü açıq şəklini çıxartmaq istəmiş, lakin polis döyüb fotoqraf xananı dağıtmış.(?) və xanımı divani hərbiyə(?) vermiş, idarədən: İslam xanımlarının
şəriəti-islamdan kənara çıxmamaları əlzəmdir”.
“Bəyanül həqq”.Bizim nicat və səadətimiz təməssük edib ondan bir qıl qədər ayrılmamaqla olacaqdır…
İngilis:
Deyiniz görək, bunlar 500 il əvvəlki fikirlər, yazılar deyil də nədir? Belə yazılara bizim və sizin nəvələriniz “ətiqə” deməz də nə deyər?
Ömər Faiq Nemanzadə – Mən kiməm?!
Zamanamızda, yəni din və əbudiyyətdən, cins və millətlərin hökm sürdüyü belə bir çağda insan öz soy və millətini tanımamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir. Lakin bu ləkə tezliklə gedən ləkəyə də bənzəmir. Bu ləkə yaman ləkədir. Bu ləkə surətində elə yılancıq (qanqrena) yarasıdır ki, millətimizin vücudunu, türklük varlığını yavaş-yavaş gəmirir, yox edir.
Bu gün həm də kiçik millətlərin, xüsusilə məhkum millətlərin öz varlıqlarını, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası,dərin düşünülürsə, qarayaradan da, taun çibanından da daha acılı və daha zəhərlidir. Hər kəs öz millətini tanıyıb onun yolunda ağladığı, onun yolunda gözünü kor etdiyi böylə bir həngamədə biz öz millətimizi sevmək deyil, onun hətta quru adını da bilməyib ortada şaşıb qalmışız. Çoxdan çürümüş əqidələr, təriqətlər tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərlənib durururuz.
Bu hal ilə kim üçün və nədən ötrü çalışacağımızı da, təbii, itirmişik. İtirməsək də belə bilinməyən və bilinmədiyi üçün də sevilməyən bir millət üçün kim dəlidir ki, can yandırsın?
Kim olursa olsun, insan bir nəfər, bir millət və ya bir fikri-əməl uğrunda o vaxt can yandırır ki, ona o zaman aşiq olur ki, oxu yaxından tanıyıb ürəkdən sevsin, yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil, bayağı dostluq belə olmaz.
Mən iddia etmək deyil,uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilməyiriz.
Nə olub, niyə dodağını büzdün? Görünür,söylədiklərimdə şəklin var. Çox yaxşı, buyur bərabər soruşalım, kimdir o?
-Marağalı Məşədi Əliəsgər.
– Bu kim?
– Şamaxılı Əbdülqafar.
– O biri?
– O da ərzurumlu Dursun ağa.
Bunların birincisindən soruşalım:
– Məşədi, siz nə cins və nə millətdənsiniz?
– İranlı və şiə məzhəbəm.
– Əbdülqafar ağa, sən?
– Mən də qafqazlı babıyam.
– Dursun ağa, sən bir az oxumuşa bənzəyirsən, gərək soyunu, millətini tanıyasan.
– Mən də osmanlı və sünniyəm.
– Daha özgə?
– Özgə heç!
Siz çox da deyiniz ki, ”sünnilik, şiəlik, babılıq bir məzhəb və əqidədir”, cins və millət isə başqadır.
Dünyada ən kiçik bir böcəyin, ən ən yaramaz bir otun soyu cinsi bəllidir, bəs bu qədər böyük bir insan yığıncağının bir cinsi yoxmu?
İştə bəla da burasıdır ki, həm var, həm də yoxdur? Vardır: onun üçün ki, biz də özgələr kimi insanız. Bir də təbii, bir millət soyundanız. Yoxdur: çünki, varlığımızı bilmirik ki, soyumuzu da bilək.
Gəlin bir də qonşularımızdan soruşaq.
– Şakro Çaparidze,sən nə məzhəbdənsən?
– Pravoslav.
– Nə millətdənsən?
– Gürcü
– Demitri,sən?
– Mən də pravoslav məzhəbindənəm.
– Millətin?
– Urun.
– İvan,məzhəbin?
– Pravoslav.
– Millətin?
– Rus!
Həddin yox ki, bir oxumuş gürcüyə gürcülüyündən savayı özgə bir ad verəsən, o saat özünü alçaqlaşdırılmış hesab edər və səndən bərk də inciyər.
Ya bizdə? Bizdə isə lap tərsinədir: sənin də həddin yox ki, salmaslı bir türkün oğlu türkə “türk” deyəsən, o saat səndən üz çevirərvə bəlkə də səni düşmən hesab edər. Bir də axalsıxlı bir ağaya soruşunuz: o gələn kimdir?
– Əcəmə bənzəyir.
– Eyi,dəhduş diqqət et!
– Elə özüdür, əcəmdir, qızılbaşdır.
– Qoy olsun, biraz söylətəlim.
– İşin yox, burax dəf olsun. Qızılbaşdan nə eşidəcəksən ki?
Biçarənin xəbəri yox ki, qızılbaş deyə məsxərəyə aldığı kimi öz soyundandır, öz millət qardaşıdır.
Amerikalılar Təbrizə gəlib məktəblər, xəstəxanalar açırlar və beləliklə şiə türklərinə məhəbbət göstərirlər,yardım edirlər və ya edən kimi görsənirlər ki, gələcəklərdə məsləklərinə, ticarətlərinə xidmət eləsinlər.
Lakin bəlaya baxın ki, biz Qafqaz türkləri öz ayaqları ilə yanımıza gələn iranlı şiə türk qardaşımıza yüz çeşid ad qoşub uzaqlaşırıq. Üzdən də olmasa, arxadan min dürlü yaman deyirik. Söz başında “ac tat” deyə də təhqir ediriz.
Tiflis guşələrində aclıqdan, azardan can verən iranlı türk əmələlərinə – yırqatlarına “persiyan” gözü ilə baxıb keçirik, fəlakətlərinə soyuqqanlı tamaşa edirik.
Ya Qafqazda yaşayan iranlı şiə türkləri? Onlar daha qafil! Bunlar bizdən daha artıq uzaqlaşmaq istəyirlər: məktəblərini, məclislərini, hətta bəzi yerlərdə məscidlərini də ayırıb özlərinə “şiə-fars” rəngi verirlər, balacalarına, yəni öz türk oğullarına türkcəni də əsirgəyirlər, oxutmurlar. Şiəliklə farslığı heç münasibəti olmayaraq cahilanə birləşdirmək öz türklərinə balta vurmaq, öz sözlərini, öz ata-babalarını danmaq istəyirlər. Ya İranın içi ilə çölü? Oralarını daha soruşma,keç!
Çox yaxşı keçək Bakıya. Böyük “İslamiyyə” mehmanxanasına gedək. Göyçək və pak bir masanın (mizin) ətrafında oturan oxumuş və dünyadan xəbərdar, hətta sözündə millətpərvər görünən qardaşlarımızdan soruşalım. Soruşalım ki:
– Soy və millətiniz nədir?
– Əlhəmdülillah müsəlmanıq.
– Şiəsiniz, yoxsa sünni?
– Heç biri deyiliz, təkcə müsəlmanıq.
– Özgə, daha bir adınız-zadınız yoxmu?
– Xeyr,xeyr,xeyr!
Birincilərlə ikincilərin cavablarından anlaşılır ki, aralarında xeyli təfavüt var. Birincilər məzhəb və əqidə çevrəsindən çıxmamış, ikincilər isə bir az irəli gedib din dairəsində qalmış. Əgər məndən soruşulsa, aralarında heç bir təfavüt yox. Hər ikisi də birdir. Hətta deyə bilərəm ki, birincilər daha həqiqi, ikincilər isə daha xəyalidir.
Xəyalidir, çünki əqidə və məsləkləri yox etmək mümkün deyil, əqidə tərəqqinin yoldaşıdır, bunları ayırmaq isə dəlilikdir. Hənəfi ilə şəfailiyin birləşmədiyi bir yerdə sünnilik ilə şiəliyi birləşdirmək xam xəyalların ən xamıdır. Nə zərəri var? Qoy hər kəs öz əqidəsinə,öz ictihadında,öz imanında olsun.
Nə var,ey oxucu! Niyə başını qaşıdın,niyə üzünü turşutdun? Sultan Səlimlərin, Nadir şahların və bir çox islam recal və üləmasının çalışdıqları,hətta o uğurda can fəda etdikləri bir məsləkə toxunduğumdan ötrümü məndən inciyirsən?
Yox, yox,incimə. Əgər onlar din və əqidənin xasiyyətlərini, vəzifələrini, mövqelərini həqqi ilə bilsəydilər boş-boşuna o qədər çalışmaz və nahaq yerə də o qədər qan tökülməyə səbəb olmazlardı. Əgər onlar “dini-islam”ın bir ağac, əqidələrinin də o ağacın birər budaqları olduğunu və o ağacın böyüməsi üçün budaqların mütləq ayrılmaq, genişlənmək ehtiyacında bulunduğunu qanıb onlara yol və hürriyyət versəydilər, islamiyyət heç vaxt bu qədər cığırından çıxmaz və o qədər boğuşub əzilməyə, keçilməyə də məhəl qalmazdı.
Ey qafqazlı türk, sən çoxdan islam qeyrətini çəkirsən və bu qeyrətlə, hətta öz varlığını, öz adını da itirmişdin.
Sən islam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən.
Lakin əzizim, o qədər qorxma! Yenə aldanma ki, mərifət olan yerdə əqidə ixtilafi zəhmət deyil, rəhmətdir. Ey türk, dini əqidələr qovğasından daha çox qorxma! Qorxma ki,onların hökmü keçməyə, onların yerlərini indi siyasəti-məişət və siyasəti-bəşəriyyə əqidə və məsləkləri tutmağa başlayır.
Ey türk, sən çox da rahatsız olma və şəkkə də düşmə: dini olsun, dünyəvi olsun, əqidəni gizlətmə.
Ey türk, sənin başına çox işlər gəlmişdir, çox əqidələr dolmuşdur. Çox şeylər bilmişsən və bu gün də çox cahil deyilsən! Bir çox ədiblərin, müəllimlərin,mühəndislərin, həkimlərin, məktəblərdə yüzlərcə tələbələrin var!
Ey türk, olduqca çox şey bilirsən. Sən daha sırf cahil xeyir və şərin qanmayan demək olmaz.
Sən ey türk! Zamanın bir çox icadlarını, təzə fikirlərini, hətta modalarını da öyrənirsən, hətta dini əqidələrin çürüməyə üz tutduğunu sezib dünyəvi əqidələrə iman etməyə də başlayırsan.
Əvət, çox şeylər, fənnlər bilməyə çalışırsan. Bir çox hünərlər də öyrənmişsən. Havalara çıxıb və yıldızların nə olduqlarını yaxından bilmək, yerin içərilərinə girib mahiyyətini anlamaq istəyirsən. Ancaq, bircə xüsusda cahilsən. O barədə heç bir zad bilməyirsən. Hər şeyi öyrənmək istədiyin sənə ən lazımlı,sənə ən birinci fərz olan vəzifədən xəbərin yox…
Nə var, niyə darıxdın? Niyə yenə can sıxıntısının acısını bığlarından, dodaqlarından almağa başlayırsan?
Doğrusu,tütün çəkənlərdən olsaydım, burda mollaların salavatı kimi, bir papiros çəkməyi tövsiyə edərdim.
Hə, ey türk! İstər darıx, istərsə qarıx, yaxandan əl çəkən deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki,mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türk-sən və bundan sonra da türk qalacaqsan?
Sənin bu türklüyünə nə şiəlik, nə babılıq, nə də dinsizlik mane ola bilməz.
Sən ey türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə türksən. Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babı, şeyxi adları yox ikən sən var idin. İslamiyyət Ərəbistan qumluqlarında doğmadan əvvəl belə sən Altayın ətəklərində ətrafın gözəlliyinə tamaşa edib zövq alırdın. Orada uzun seyr və səyahətlərə hazırlanırdın.
Ey özündən xəbərsiz türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu “yasaq” qanunları hənüz Bağdad, Şam, Paris və Londonda yox ikən, sənin yurdunda var idi.
Sən öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi.
Ey özünü itirir, unudur dərəcədə qonaqpərvərlik, özgələrə hörmət göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin düşüncən, sənin varlığın hənüz sənin özündə ikən sən bugünkü kimi dilsiz, yazısız yəni milli nişanəsiz deyildin.
Ey sadə ürəkli türk, dünən,bu gün öz varlığını, öz mədəniyyətini göstərə bilib, indi sənə “köhnə barbar” gözü ilə baxıb bugünkü mədəniyyətlərin haqsızlıqlarına baxıb incinmə. Səni lazım ilə tanımadıqlarını bilib məyus olma.
Yox, yox sən də çox insafsız bulunma, öz-özünü hələ tanımadığın bir vaxtda çox da özgələrdən incinmə!
Ümid ki, tez vaxt olur, yüzdə doqquzu hələ yer altlarında qalıb gizlənən əski mədəni nişanələrin, əski əsərlərin yavaş-yavaş dünya üzünə çıxar. Sən də ol vaxt artıqlığı ilə üzə çıxarsan, gələcəkdə daha güclü yaşamaq istedadını göstərərsən.
Bəsdir, bəsdir, ey türk, bir az ayıl. Ayıl da bir çox toz-torpaqlarla dolan, ağırlaşan dini əqidə pərdəsini gözlərinin üstündən qaldır. Əl-ayağını biraz tərpət. Vücudunu,varlıq ağacını saran, korlayan tikanları,sarmaşıqları, yad ağacların yarpaqlarını, dallarını qır, at, qurtul. Vücuduna Allahın günəşi, havası dəysin. Başını bir az yuxarı qaldır. Öz varlığını, öz vücudunun qiymətini bil.İndiyə qədər yadlar üçün, özgə varlıqlar və vücudlar üçün özünü həlak etmisən, barı bundan sonra ayıl, bir özünə gəl, öz gününə çalış.
Ey türk, zamanımız özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalırsaq, qoruram ki, gec ayıldığımız vaxt sağalıb yigitcə yaşamaya vücudumuzda qüvvət və təqət qalmamış ola.
Ey türk, yaxşı bil ki, bugünkü məhşərin suri-israfili elmə, milli ittihada dəvət ediyor! İndinin siyasi fəlsəfəsi tərəqqiyi millətçilikdə görür. Zamanın sövkət və saxəvət binası millətçilik bünövrəsi və təməli üstündə qurulur. Əsrin ruhu azad millətçiliklə bəslənir, böyüyür. Keçmiş əsrlərin, keçmiş siyasi əqidələrin cızdığı coğrafiya sərhədlərini indiki etnoqrafiya yavaş-yavaş pozur. Keçmiş əsrlərdə daşıb ətrafa yayılan millət selləri yavaş-yavaş kiçilib öz qaynağına və ya çoxdan yataq elədiyi yerlərə çəkilir. Vaxtilə özgələrin sıxışdırılması ilə və ya cahangirlik dəliliyi ilə yerlərindən fırlayıb aləmi rahatsız edən millət ərdolarına indi: “Hər kəs öz milləti yerində” komandası verilir.
Bu gün eyidən-eyiyə qanıram ki, dini əqidədən sonra insanda doğan dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir, ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, millətini bilmək elmidir.
Millətpərəstlik əqidəsi özgə əqidələrin mərhələsi, keçididir.Vaxta ki, insan batil və xurafat əsirliyindən qurtulub özünü, özünün hüququnu bilməyə başladı, ondan mühit və ehtiyacın təsirilə hər nə qaydaya girərsə girsin. Bu halda ki, mövqeyimizə, mühitimizə, elmimizə, ehtiyacımıza bizim ən birinci əqidəmiz isə azad millətpərəstlik əqidəsi olmalıdır.
İndi gələk əsil məqsədə .Ey şiə, ey babı, sünni türk qardaşlarım, diriliyimizin milli ittihadda olduğunu biləndən sonra daha rəva görməməliyiz ki, millətimiz kütləsini meydana gətirən azanın bir qismi Anadolunun izsiz, dağıdılmış, qorxunc bucaqlarında yalnız başlarına ac, çılpaq buraxılıb tələf olalar.
Ey pak ürəkli türk, bu millətçilik zamanında hər millət öz nüfuzunu artırmaq, o nüfuzla öz nüfuz və qüdrətini böyütmək üçün yüz dürlü tədbirlər, fədakarlıqlar edər. İnsaf deyil ki, biz hazır əlimizdə olan minlərcə nüfuzumuzun – həm də ən gənc və qəvi bir qüvvətin – yardımsızlığından, bir loğma əkmək bulamamazlıqlarından tələf olmalarına özümüz bilə-bilə səbəb olalım.
Ey uca mərhəmətli türk, sənin köhnə mərhəmətin, ehsanın, nişanələrin – o böyük camelər, mədrəsələr, körpülər, xəstəxanalar, çeşmələr hələ sənin əcdadını hörmətlə yad etdirirlər. İndi sənə nə oldu ki, milyonlarla vücuda gələn əsrlərdən deyil, aclıqdan, çılpaqlıqdan, “ölümdən betər” bir hala düşən öz qardaşını qurtarmaq mərhəmətindən aciz görünürsən. Yazıq, yazıq!
Şəkidən xatirələr
Şəkidə olduğu kimi, kəndlərində də məlumatlı,bacarıqlı, gözüaçıq alverçilər az deyildi. Bunlardan biri də Zəynid kəndindəki Yusif əfəndi idi. Bu şəxsin nə əfəndiliyi vardı, nə də mollalığı. Bir az oxumuşdu və İstanbulu görməsinə görə əfəndi deyirlərdi.Yusif əfəndi on-on beş il qabaq İstanbula getmiş,orada öz səliqəsi ilə motorlu böyük bir qayıq yapdırıb ticarət edirmiş.Qayıdıb kəndə gələndən sonra özü və qohumları, hamı uşaqlarını Şəkiyə məktəbə göndərib oxutdurur, kəndliləri maarifə təşviq edirdi.
Bir gün həm kənd yaşayışını,həm də həmin Yusif əfəndini görmək üzrə müəllim Abdulla bəy Əfəndizadə ilə birlikdə Zəyzid kəndinə getməyi qurduq.Qəbiristan tərəfindən aşıb Zəyzidə gedən cığıra düşdük.Şəkinin yanı başında hündür,geniş bir yamacı zəbt edən qəbiristanın ortasına yetişdik.Burada əsgilərlə bəzənmiş bir ağac gözümə sataşdı.Yaxın gedib gördüm ki,ağacda boş yer qalmamış,cındırlarla örtülmüşdü.Yoldaşımdan bunun “Öskürək piri” olduğunu öyrəndim.Kölgəsində bir az oturub rahatlandıq.Buradan şəhərə baxa-baxa köhnə adətlərimizi düşünürdüm.Bu sırada Abdulla bəy papirosunu yandırıb çəkməyə başladı.Mən kibriti alıb əlimdə oynadırdım.Birdən dəli şeytan qulağıma: “Gəl bu cındırları odla,piri yandır,bunun köməyilə inananlar görsünlər ki, pirin özü özünə kömək edə bilməyir”.
Öz-özümə dedim: bu da mövhumat əleyhinə bir təbliğatdır.Lakin sonra duyulursa! – deyə düşündüm,qorxdum.Lakin məlun şeytan qorxmur,məndən əl çəkmirdi.
“Kim görəcək,vur,qorxma!”- deyə beynimi dəlirdi.Mən qəti surətdə rədd etdim.Ancaq könlüm əlimdəki kibrit ilə oynamq istəyir,arabir kibriti yandırıb cındırlara yaxın götürür,sonra tez söndürür,geri çəkilirdim.Qalxıb gedəcəyimizə yaxın sönmək üzrə ola kibriti cındırların üstünə atıb yola düşdüm.Qabağımızdakı döngəyə dönmək üzrə idik ki,pirin tüstülər içində qaldığını gördük.
Yoldaşım:
– Aman Faiq,nə qayırdın? Görsələr,dədəmizi yandırarlar.Aman,tez yüyür söndür! – deyə çağırdı.Söndürmək mümkünmü,mümkün də olsa görünmək ehtimalı var.Yaxşısı qaçıb qurtarmaqdır.
Görünmək qorxusundan dabana qüvvət verib Zəyzidə tərəf qaçmağa başladıq.Arabir arxaya baxıb tüstünün artdığını gördükcə biz də addımlarımızı artırdıq.Bu hal ilə özümüzüü yamacın o biri tərəfinə atdıq.Görünməkdən qurtardıq.Hər ikimiz də tər-qana batmışdıq.Bir az rahatlanmaq üçün yolun üstündəki çəmənliyə uzandıq.Yoldaşım tərini silə-silə:
– Xoşbəxtlik üz verə də,bəlkə bizi şəhərdən görmüş olmayalar,yoxsa şəhərə gedə bilmərik.Kişilər dursun,arvadların qarğışından,həcvindən qurtara bilmərik, – dedi.Daha kim orada dayanar.Tərə,yorğunluğu,azarlana biləcəyimizə baxmayaraq,irəli yüyürdük.Zəyzidə yaxınlaşdıq.Qonaq olacağımız ev kəndin hayanında olduğunu bilmirdik.Soruşub xəbər alacaq bir kimsəyə də rast gəlmirdik.Qabağımıza gələn tərəfə getməyə məcbur olduq.Bağların geniş həyətlərinin arasındakı yol ilə gedirdik.Xeyli getmişdik ki,yolun kənarındakı çəpərin arxasında yatan iri bir köpək gözümüzə sataşdı.Bunun səssiz yatdığına arxayınlanaraq yanından sükutla keçmək istədik.Bu zalım oğlu,yerindən durub hündürdən hürməyə,yoldaşlarını köməyə çağırmağa başladı.Biz,gələcək təhlükəni düşünərək tezcə çəpərdən uzun tikanlar çıxardıq,yerdən daş topladıq,dalımızı divara söykəyib,vuruşmağa hazırlandıq.Bu sırada yoldaşım gülərək:
– Gördün,Faiq! Pir bizi nə tez tutdu.Ona sataşmağın bizim başımıza hələ nələr gətirəcəkdi.Pirin qəzəbindən qurtul görək!
Yoldaşımın falçılığını dinləməyə vaxt yox idi.İlk hücumçular yaxınlaşdılar.Yoldaşım müdafiədən hücuma keçməyi,hamısı yığışıncaya qədər gələnləri birər-birər daşlayıb qorxutmağı məsləhət gördü və elə də elədik.
Biz daşları topladıqca onlar daha artıq qızışdılar,daha şiddətli hücuma keçdilər.Paçamdan tutmağa çalışan bir köpəyin ağzına əlimdəki tikəni verdim.O dəqiqə dartınıb əlimdən aldı.Bu sırada yoldaşım dadıma çatmasaydı,köpək pirin heyfini məndən çıxacaqdı.İstədim çəpərdən bir tikan daha çıxaram,lakin bizi elə sardılar ki,bir addım belə tərpənməyə mümkünümüz olmadı.Əgər divara arxa verib bir-birimizə kömək etməsəydik,kəndlilər vaxtında çatmasaydılar bizi çoxdan yerə sərmişdilər.Doğrusu,böyük fəlakətdən qurtulduq,lakin bizimki də bizə oldu.Qonaq yerinə çatıb soluğumuzu geniş dərməyə başladıq.Uzun bir zaman rahatlanandan sonra özümüzə gəldik.Lakin qayğımız bununla qurtarmadı.Böyüyü geridə idi: ertəsi günü şəhərə gedib dərsə çatmalı idik.Lakin mümkünmü?Piri,bizim yandırdığımız duyulmuşsa! Buna görə,özümüzü yalandan xəstəliyə vurduq.Qonaq yiyəsi Yusif əfəndinin oğlu Vahabı sükutca şəhərə göndərdik ki,həm bizim naxoşluğumuzu məktəbə xəbər versin,həm də duysun görək şəhərdə təzə nə xəbər var.
Axşamüstü Vahab qayıdıb,bizdən nigaran olduqlarını anlatdı və şəhərdə olan təzə danışıqlardan xəbər verdi:
– “Öskürək piri”nin bir yanı azca yanmış, səhərdən ziyarətə gedənlər uzaqdan görüb tezcə yüyürmüş, söndürmüşlər. Söndürənlər deyirlər ki, oradakı sönməmiş bir şamdan od tutmuş, öz-özünə yanmış.Çünki onlar o yaxınlarda heç kəsi görməmişlər.
Bununla bərabər şəhərə ancaq iki-üç gün sonra gedə bildik.Qulağımız həmişə pirə aid dedi-qodularda idi.
– Bəlkə şiələr paxıllıqlarından yandırdılar… Bəlkə pir murdar adamların nəzirini qəbul etmədi, onları özü yandırdı.
Aha,demə bizi kimsə görməmiş.Buna minlərcə şükürlər etdik.Yoxsa Şəkidə bir gün də qalmaq olmazdı.
Pirə gedənlərin çoxu biçarə qadınlar idi.Bunlar oraya azarlılarını tədavi ümidilə və ya azara bəhanə edib ev dustağından qurtulmaq,bir az geniş soluq alıb ətrafa tamaşa etmək, rahatlanmaq üçün gedirlərdi.
Axalsıxdan xatirələr
Cənab mühərrir!
Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, nə də əski!
Camaatımız mərhəmətlidir. Sənət məktəbinin bir xeyli xərcini çəkib erməni, yəhudi və gürcü ətfalını məccani oxutdurur.
Camaatımız qənaətlidir. Öküz və eşşək işlərindən qeyrilərə baxmazlar. Bu səbəblə uyezdlərimizdə bir müsəlman dəmirçisi, yemənçisi bulunmaz. Amma kiçik bir köydə, məsələn, Azqurda müsəlmanların parası ilə keçinən beş böyük meyxana, altı qəhvəxana vardır. Bu hesabca qırx min cana bir üsul-cədid məktəbi düşdüyü halda, iyirmi evə bir meyxana ilə iki qəhvəxana isabət edir. Maarifimiz də o dərəcədədir ki, dörd saatlıq yol olan Qori darülmüəllimində bizdən ancaq bir müsəlman var.
Camaata rəhbər olacaq dövlətlilərimiz, bəylərimiz az deyil. Heyf ki, maarifə, millətə olan hümmətləri pək azdır. Bu səbəbdən camelərimiz viran, məktəblərimiz pərişan, halımız yamandır.
Ö.Nemanzadə.
“Tərcüman” qəzeti, 7 yanvar 1900, № 1
Ömər Faiq Nemanzadə və azərbaycançılıq ideyası
Ömər Faiq Nemanzadənin publisistikasında milli dil problemi
X əsr Azərbaycan publisistikasının inkişafında böyük xidmətləri olan şəxslərdən biri də görkəmli jurnalist, molla nəsrəddinçilərin ideya rəhbərlərindən biri, C.Məmmədquluzadənin yaxın dostu və məsləkdaşı Ömər Faiq Nemanzadədir. O, fəal bir ziyalı kimi ölkədə baş verən ictimai-siyasi və mədəni hadisələrin fəal iştirakçısı olmuş, xalqın maariflənməsi və azadlığı uğrunda yorulmadan mübarizə aparmışdır. Cəmiyyətdə gördüyü nadanlığı, savadsızlığı və ədalətsizlikləri qələmə alaraq müxtəlif ədəbi məcmuələrdə dərc etdirirdi. 1905-ci ildə isə Ö.F.Nemanzadə Tiflisdə «Qeyrət» mətbəəsi açmağa nail olur. Adından göründüyü kimi, müəllif əqidəli, Vətən, millət təəssübü çəkən yurddaşlarını milli dirçəliş və milli birlik uğrunda qeyrət göstərməyə çağırırdı.
Ömər Faiq Nemanzadə cəsarətli bir publisist kimi 1906-cı ildən 1917-ci ilə qədər «Molla Nəsrəddin» jurnalının məsul katibi olmuşdur. Professor Əziz Mirəhmədov Ömər Faiqin bu ədəbi məcmuələrdəki fəaliyyətini qiymətləndirərək yazırdı: «…Gördüyü işin böyük əhəmiyyətini dərindən dərk etdiyi üçün Faiq bütün varlığını, bacarıq və qüvvəsini bu işə verirdi. İstər «Qeyrət»in, istərsə «Molla Nəsrəddin»in fəaliyyəti dövründə o, dostu (C.Məmmədquluzadə- O.H) ilə əl-ələ verib irticanın hücumlarını dəf etmiş, lazım gəldikdə hətta qaragüruhçularla açıq mübahisə və mübarizəyə də qoşulmuşdu. Faiq dostundan çevikliyi, yorulmazlığı tez ünsiyyət bağlamaq xüsusiyyəti ilə də seçilirdi.»
Başqa mollanəsrəddinçilər kimi Ömər Faiq də təhqirlərə, təqiblərə, təhdidlərə və həbs olunmasına baxmayaraq, öz kəsərli qələmi ilə ictimai həyatda və xalqın maariflənməsində inamla mübarizə aparmışdır. Ö.F.Nemanzadənin ədəbi yaradıcılığı geniş və çoxşaxəlidir: burada mətbəəçilik və redaktorluqdan tutmuş, müxtəlif ədəbi dərgilərdə şeir, hekayə, məqalə, felyeton və s. janrlarda yazıb yaratması və maarifçilik sahəsində apardığı işlər daxildir. Onun yazıları «Şərqi-Rus», «Tərcüman», «Molla Nəsrəddin», «İrşad», «Həyat», «Açıq söz», «Sərvəti-fünun» və s. ədəbi məcmuələrdə çap olunurdu. Bu məqalə və felyetonları o, 40-dan çox, o cümlədən «Heyrani», «Məşrutəçi», «Lağlağı», «Ümidvar», Ümid» imzaları ilə çap etdirmişdir. Həyatda rastlaşdığı bütün çətinliklərə baxmayaraq bu vətənpərvər jurnalist xalqın xoşbəxt gələcəyinə ümidlə baxırdı. Xalq yazıçısı Elçin bu münasibətlə yazmışdır: «…Lakin ümidvar ümidini itirmirdi və ən əsası isə, onun özünün qələminin fəaliyyəti bir ümid yaradırdı. Çünki bu qələm, yuxarıda yazdığımız kimi, yatmışları oyadırdı, xalqı xalqın özünə tanıdırdı — Ümidvarın qələmi ümid saçırdı.»
Dövrün qabaqcıl ziyalısı kimi o, öz xalqını dünyanın ən mədəni xalqları səviyyəsində görmək arzusu ilə yaşayır və nicat yolunu elmdə, təhsildə, xalqın maariflənməsində görürdü. Başqa millətlərin irəli getdiyi halda, o, «müsəlmanlarda bir tərpəniş» görmür, daxili bir təəssüf və narahatlıq hissi keçirərək yazırdı: «…Qiyamətə qədərmi kor gəlib, kor gedəcəyiz? Qafil doğub, qafil öləcəyiz? Boynumuzdakı bu ağır cəhalət zəncirlərini, qəflət yüklərini məhşərə qədərmi sürükləyib götürəcəyiz?»
Ömər Faiq zəmanəsinin bütün insanlarını — şeyxülislamları, müftiləri, qazıları, mollaları, axundları, müəllimləri, qulluqçuları «geri qalan camaatın dərdinə qalmağa», öz mənəvi suverenliyi uğrunda mübarizəyə çağırırdı. Özgə millətlər, dünya gündən-günə dəyişib inkişaf etdiyi halda mübariz publisist özünəməxsus daxili bir yanğı ilə yazırdı: «Əsil islamiyyətdən, zəmanənin təqazasından bixəbər yatırıq, halbuki, zaman dəyişir, dünya dəyişir, hər zərrə dəyişir… İnsaf və mürvətmidir ki, bizlər hər şeydən də dişarı olaq? Dəyişməli, biz də mütləq dünyəvi əməllərimizi, göz görə təhlükələrə, səfalətlərə sürükləyən köhnə adətlərimizi, cahilanə fikirlərimizi, əməllərimizi dəyişməliyik. Və illa özgələr bizləri bütün özgə yolda dəyişdirib yox edərlər».
Maarif və mədəniyyəti inkişaf etdirməyin ən birinci şərtini o, kitab və qəzetlərdə — mətbuatda görürdü. Onun fikrincə «hər millətin mədəniyyət və qüvvəti mətbəələrin sayı ilə mütənasibdir». Xalq şairi Bəxtiyar Vahabzadə Ömər Faiqin yaradıcılığına həsr etdiyi məqaləsində yazırdı: «Onun (Ömər Faiqin — O.H.) qələmi zəmanəsinin ən ciddi, ən zəruri ictimai problemlərinə toxunmuş, xalqının səadəti, tərəqqisi üçün elm, təhsil, məktəb, maarif, dil saflığı, əlifba, fəhlələr üçün həmkarlar təşkilatının zəruriliyi, tətil azadlığı, milli gəlir və sairə kimi ən vacib məsələlərdən yazmışdır».
«Ay mənim sevgili məzlum millətim, vaxtdır oyanaq, vaxtdır iş görək»-deyən müəllif öz həmvətənlərini mənfəətxorlara, dinini, millətini «iki qəpiklik xeyrə satanlara boyun əyməməyə», «dəhşətli vaqiələrdən» ayıltmağa səsləyirdi. Ömər Faiq Nemanzadə bütün publisistik yazılarında xalqla xalqın öz dilində danışırdı. Xalqa olan inamın nəticəsidir ki, o, «Dəvət və təvəqqe» məqaləsində yazırdı: «Xülasə, bizim hər cür ümidimiz camaatın oyanmasında, camaatın öz xeyir-şərini özləri tanımasındadır».
Ö.F.Nemanzadənin publisistik yaradıcılığında dil məsələlərinə həsr etdiyi məqalələri xüsusi yer tutur. O, mübariz bir mətbuat işçisi, vətənpərvər ziyalı kimi daim Azərbaycan dilinin təmizliyi keşiyində dayanmış və bu sahəyə aid bir sıra məqalələr yazıb çap etdirmişdir. Ömər Faiqə görə milləti sevməyin birinci əlaməti onun dilini sevməkdir. Professor Şamil Qurbanov yazırdı ki, «milli dil problemi onun yaradıcılığında başlıca yer tuturdu. Bu da təsadüfi deyildi. Çünki XX əsrin Azərbaycan ziyalılarının əsas mübarizə hədəflərindən biri də milli dilə xor baxan, ona biganə olanlar idi. Ana dilinə olan məhəbbətin ifadəsidir ki, Ömər Faiq yazırdı: «Dil yoxluğu millət yoxluğudur», «Mən inanmıram ki, dilini sevməyən xalqını sevsin», «Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq» və s.. «Yazımız, dilimiz», «İkinci il»imiz adlı məqaləsində müəllif dilimizin ahəng qanununu inkar edib, onu ərəb-fars qəlibinə salmaq istəyənlərə tutarlı cavab verirdi. Dilimizdə əsl öz sözlərimiz olduğu halda alınma sözlərin işlədilməsinə öz etirazını bildirirdi: «…Biz deyirik: çox heyflər olsun ki, dilimizin yarısını ərəb və fars sözləri ilə doldurub bizi dilsiz və bədbəxt etmişlər. Elm və mərifətin camaat arasında yayılmağına böyük əngəl olmuşlar. Dilimizi genişləndirərkən, qaşımızı qayırarkən gözümüzü çıxarmışlar».
«Eşqvəməhəbbət» məqaləsindəÖmərFaiqqeydedirki, dilimizdünyadakıasanvəgözəldillərdənbiridir. O, anadilimizəhəqarətləbaxanlarıvəbudildədanışmağışəninəkəsirbilənlərikəskintənqidedərəkyazırdı: «Bizimbəziağalardilimizinçətinliyinibəhanəedibevdəarvad-uşaqilədəözgədildədanışmaqxəyalındabulunurlar. Tiflisdəbeşziyalıbirarayagələndəgörməzsinizki, özdiliilədanışsın. Buranınqonaqlarında, yığıncaqlarındamillidil, milliadət, millisüfrə, millisadəlikbulmazsız.Hələxanımlardeyəsənki, millidilədüşməndirlər.Bunlarınadlarıözgə, dilləriözgə, adətləriözgə, diləkləriözgə, tərbiyələriözgə, gələcəkləriözgə, məhəbbətləriözgə! Bilmirəmbunlarınmillilikdənpaylarınədir?Bilmirəmbugedişləharagedirik?»
Oktay
Xalq Cəbhəsi.- 2013.- 31 yanvar.- S.14.
1905-1906-cı il Tiflis hadisələri Ömər Faiq Nemanzadənin gözü ilə
Ədibin “Qafqazdan İstanbula xatirələr” əsəri azərbaycanlıların soyqırımının tarixçəsi kimi səslənir
XIX əsrin sonu—XX əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycanın görkəmli ədibi, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadə həmin dövr Qafqazın, o cümlədən, Osmanlı imperiyasının ictimai-siyasi həyatında baş vermiş bir sıra mühüm hadisələri özünün “Qafqazdan İstanbula xatirələr” adlı əsərində ətraflı şəkildə təsvir etmişdir.Müəllif ilk dəfə olaraq əsərdə 1905-1907-ci illər Tiflisdə baş vermiş erməni-müsəlman (Azərbaycan türkləri nəzərdə tutulur-T.C.) qarşıdurmasının baş vermə səbəblərini və gedişatını təfərrüatı ilə işıqlandırmağa cəhd göstərmişdir. Məhz bu baxımdan əsər bəhs olunan hadisələrin geniş şəkildə təhlili, təbliği və öyrənilməsi baxımından olduqca dəyərli mənbə hesab olunmaqdadır.
Müəllif əsərdə XX əsrin əvvəllərində Cənubi Qafqazda çar Rusiyasının birbaşa dəstəyi ilə həyata keçirilən etnik təmizləmə siyasətinin baş vermə səbəblərini, həmçinin hadisələrin xronikasını ardıcıllıqla verməyə çalışmışdır. Əsərdə baş verən hadisələr həmin dövrdə Cənubi Qafqazın mədəni mərkəzi sayılan Tiflis şəhərində cərəyan etmişdir. Məqalədə 1905-1906- cı illər Tiflisdə erməni millətçi ekstremistlərinin azərbaycanlı əhaliyə qarşı kütləvi silahlı çıxışları və həmin hadisələrin acı nəticələrindən bəhs edilir. İlk öncə müəllif əsərin giriş hissəsində bəhs olunan dövrdə Tiflis şəhərinin ictimai-siyasi həyatında baş vermiş bir sıra mühüm hadisələri təhlil edərək yazır: “Əsrin əvvəlində Gürcüstanın mərkəzi Tiflis şəhərini ardı-arası kəsilməyən mitinqlər bürümüşdü. Mitinqlərin keçirilməsində sadə xalq kütlələrinin əsas istəyi Gürcüstanda yaşayan etnik azlıqların dinc yanaşı yaşama hüququnun bir qrup hökumət məmurları tərəfindən kobud şəkildə pozulduğunu çar hökumətinin diqqətinə çatdırmaq idi”. Müəllifin Tiflisdə yaşayan etnik dinc yanaşı yaşam tərzinin hökm sürdüyünü və ara-sıra “anlaşılmaz” halların çar hökuməti tərəfindən bilərəkdən qızışdırıldığını dönə-dönə vurğulaması bizlərə əsas verir ki, məlumatlara birmənalı şəkildə deyil, əslində bir qədər ehtiyatlı və tənqidi mövqedən yanaşaq. Çünki, müəllif baş verən hadisələrin bütün günahlarını çar hökumətinin üzərinə atmaqla əslində Tiflis şəhərində etnik azlıqlar arasında baş verməkdə olan bu kimi qarşıdurmaların arasında nələrin və kimlərin gizlədildiyinin üzərindən sükutla keçir. Bir qədər də təhlilə yol versək görərik ki, əslində əsrin əvvəllərində baş verən hadisələrin kökündə dini birlikdən milli birliyə çağırış şüarları dayanırdı. Bu sahədə daha çox maarifçilərin rolunu qeyd etmək lazımdır. Əhalini milli birliyə səsləyən bu qüvvələr dərk edirdilər ki, yaxın gələcəkdə çar Rusiyasının müstəmləkəçilik buxovlarından qurtulmağın yeganə yolu xalqın milli birliyindədir. Məhz bu yolla gedildiyi halda azadlığa, hürriyyətə nail olmaq olardı. Bunu çar çinovnikləri çox gözəl bildiklərindən və xalqın milli birliyini məhv etmək üçün xalqları bir-birinə qarşı qoymaqla bu planların qarşısından xətt çəkmiş olurdular. Məsələyə digər tərəfdən yanaşdıqda burada erməni millətçi ekstremistlərinin azərbaycanlılara qarşı planlı şəkildə apardıqları təxribatçı siyasətin şahidi oluruq. Bu işdə Gürcüstandakı erməni diasporasının anti-türk fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Çox təəssüflər olsun ki, daima türklüyə, türk millətinə qarşı nifrət hisslərini gizlətməyən, terrorun, etnik-milli təmizləmə siyasətinin əsas hərəkətverici qüvvəsinə çevrilmiş erməni diasporunun apardığı bu mənfur, çirkin siyasət tarixçilərin diqqətindən yayınmış, demək olar ki, bu məsələ təfərrüatı ilə öyrənilməmişdir. Məhz bu baxımdan Ö.F. Nemanzadənin həmin əsəri bəhs etdiyimiz məsələlərin bu və ya digər şəkildə tədqiqi və öyrənilməsi baxımından olduqca dəyərlidir.
XX əsrin əvvəllərində vüsət alan Azərbaycan türklərinin milli oyanış hərəkatında əsas ideya müəlliflərindən olmaqla millətin görən gözünün, düşünən beyninin yad ünsürlərin zəhərlənmiş fikirləri ilə doldurulmasından ehtiyatlanaraq bu istiqamətdə yorulmadan fəaliyyət göstərən, xalqı uçuruma aparanlara qarşı nifrət hissi ilə alışıb-yanan Ö.F.Nemanzadə 1906-cı ildə yazmış olduğu məqalələrinin birində bu olaylar zamanı aldadıldığını təəssüf hissi ilə etiraf edirdi: “Yadımıza belə gətirməzdik ki, ermənilər çox-çox əvvəllər hazırladıqları hədsiz-hesabsız bombaların hamısını bizim başımızda partladacaqmış… Bu söylədiyimiz səbəbilə cümləmiz yenə ermənilərlə qədim sayaq üzrə sülhanə rəftar edib rahat və arxayın olmağı vəd və bəyan edirdik və bu sürətlə millətimizin gözünü bağlayıb uçuruma sarı hazırlayırdıq. İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq”. Sözsüz, burada əlavə şərhə, eləcə də izahata ehtiyac yoxdur. Tarixin ibrət dərslərindən vaxtında bəhrələnməməyimiz, hər xırda məsələyə belə barmaqarası baxmağımız bizləri bu cür dəhşətli fəlakətlərə sövq etmişdir. Bu bir xalq, qövm üçün olduqca təhlükəli məsələdir. Xüsusilə qeyd etmək lazımdır ki, 1878-ci il Berlin konqresinə qədər Qərbi Avropanın aparıcı dövlətlərinin yağlı vədlərinə uymaqla Anadolu torpaqlarında müstəqil erməni dövlətinin yaradılacağına ümid etmiş erməni kilsəsi və onun ətrafında sıx-sıx birləşmiş diaspor təşkilatlarının bu və ya digər yollarla apardığı həmin kampaniya ümumi erməni işinin ikinci fazasını təşkil etdi. Bütün bu sadalanan məsələlər dərindən öyrənilmək və nəticə çıxarmaq baxımından gənc tədqiqatçılar üçün olduqca dəyərlidir.
XIX əsrin sonu – XX əsrin əvvəllərində erməni cəlladlarının Osmanlı imperiyasının Şərqi Anadolu bölgəsində apardığı etnik-milli təmizləmə siyasəti “uğurla nəticələnmədiyindən” bu siyasətin davamı olaraq Qafqazda sabitliyi pozmaq, burada azərbaycanlı əhaliyə qarşı qırğın törətmək və bu işdə çar Rusiyasının maddi və mənəvi köməyindən bəhrələnmək məsələsi ön plana keçdi. Əslində hadisələr Şərqi Anadoludakından fərqli olaraq Qafqazda planlı şəkildə həyata keçirilirdi. Çünki Qərbin maliyyə dəstəyi ilə silahlanan ermənilər Şərqi Anadolu bölgəsində törədilən qiyamlar və qırğınlarda sınaqdan çıxmışdılar. Məhz bu baxımdan onların Tiflisdə törətdikləri hadisələr aparılan siyasətin davamı idi. Hadisələrin çox gərgin məcraya yönəldiyini qeyd edən müəllif yazır ki, ölkədə dinindən, irqindən və milliyyətindən asılı olmayaraq xalqlar arasında milli birlik əhval-ruhiyyəsi hökm sürürdü. Milli birlikdən qorxan hökumət vaxt itirmədən öz çirkin siyasətini həyata keçirməyə çalışırdı. İlk olaraq partiya və bir sıra təşkilatlar arasında fitnə-fəsad törətməyə çalışan çar hökuməti bu çirkin əməllərdən bir nəticə əldə etmədikdə hiyləni təşkilatlanmış ermənilərin vasitəsilə həyata keçirməyə çalışırdı. Gizli formada, xəfiyyələr simasında fəaliyyət göstərən hökumət nümayəndələri erməni tacirlərini, sənətkarlarını və digər təbəqədən olan vətəndaşlarını aldadaraq azərbaycanlılara qarşı istifadə edirdilər. Müəllif yazır ki, günlərin birində cəsuslardan biri erməni tacirinin yanına gələrək ona bir sıra təxribat xarakterli tapşırıqlar verməyə çalışır və sonrakı hadisələri belə şərh edir: “Türklərin silahlandığını siz də, əlbəttə duymuş olarsınız. Biz daha öncə təsbit etdik, onlar sizin üzərinizə hücum etmək istəyirlər. Siz də, biz də nə də olsa xristianıq. Vəhşi türklərin din qardaşlarımızı qətl edib, bizə də pislik etmələrinə razı ola bilmərik. Daima oyanıq və tədbirli olmanız üçün Sizə xəbər veririk. Siz də silahlanıb özünüzü qorumağa hazırlaşın, yoxsa hamınız qətlə yetiriləcəksiniz. Bunu bizdən xəbər tutduğunuzu heç kimə söyləməyin. Hökumət və türklər duymasın”. Göründüyü kimi bu insanlar hökumətin məsul işçiləri olub bilərəkdən azərbaycanlı əhaliyə qarşı təxribatçı əməllərini həyata keçirməyə səy göstərirdilər. Müəllif sonrakı hadisələri qələmə alaraq yazır: “Ertəsi gün bir qrup hökumət nümayəndəsi türk tacirinin yanına gələrək ona aşağıdakıları xatırlatmağa çalışır: “Hacı, sizin nə qədər xətrinizi istədiyimizi bilirsiniz. Dövlət sirri hər kəsə söylənilməz, fəqət siz əcnəbi deyilsiniz. Buna görə də aldığımız gizli xəbərləri sizə söyləməyi lazım bilirik. Ancaq bu deyilənləri heç kəsə söyləməyəcəyinizə and için. Biz savaş istəmirik.
– Əfəndi nə söyləyirsiniz? Biz kimi öldürmək istəyirik ki?
– Qonşunuz ermənilərin gecə-gündüz silahlandıqlarını, varlarını-yoxlarını silaha yatırdıqlarını daha duymadınızmı? Polis tərəfindən onlara silah verildiyini öz gözlərimizlə gördük”. Bəhs olunan dövrdə hadisələrin kritik məcraya yönəldiyini qeyd edən müəllif daha sonra yazır. “Ölkə barıt çəlləyinə bənzəyirdi. Ona sadəcə od vurmaq kifayət idi”.
Müəllif baş verməkdə olan etnik qarşıdurmaların əsas bəhanəsinin məhz 1905-ci ilin oktyabr ayının 20-də axşam saat 9-da 3 nəfərin faytonla erməni məhəlləsi tərəfindən gələrək “Şeytan bazarı”ndakı türklərin “Roza” gül mağazası önündən keçərkən havaya açdıqları 5-10 atəşin olduğunu qeyd edir və bu haqda yazır: “Həmin gün türklər (azərbaycanlı əhali nəzərdə tutulur-T.C) ermənilərin, ermənilər də türklərin məhəllələrini güllə yağışına tutdular. Günlər ötdükcə proses daha da dərinləşirdi. Yolda silahlı ermənilər sağa-sola qaçır, panikaya qapılmış xalq körpüyə doğru axınla hərəkət edirdi. Biz də axan bu insan seli arasında körpüyə yaxınlaşdıq. O anda çaydakı faciəni görəndə Qafqazın mədəni bir mərkəzində olduğuma inanmaq istəmədim. Çayda törədilən qanlı faciəni (burada Kür çayının Tiflisdən keçən hissəsi nəzərdə tutulur-T.C.) seyr etməyə gələn millətin halı mənə Neron zülmünün səhnələrini xatırladı”. Ömər Faiq azərbaycanlı əhaliyə olmazın işgəncələrin verilməsini ağlasığmaz qəddarlıq kimi qiymətləndirərək yazır: “Vorontsov körpüsündən keçən türk vətəndaşlarını tutaraq bağırda-bağırda körpünün kənarına gətirir və buradan çaya yuvarlayırdılar. Bu azmış kimi Peska və Vorontsov məhəllələrində çalışan türk işçilərin işlədiyi yerlərdən çıxarıb xəncərlə dəlik-deşik etdikdən sonra çayın kənarındakı dəyirmanların hündür yerlərindən aşağıya-suya atırdılar. Suya atılan yaralılar boğulmamaq üçün var gücləri ilə çırpınaraq çayın kənarına çıxmağa çalışır, lakin kənardakı erməni vəhşilərinin açdıqları atəşlə yenidən suya baş vurur, sonda görünməz olurdular”. İnsanlığa sığmayan bu cür vəhşiliyin qarşısında özünü gücsüz, tənha hiss edən Ömər Faiq xalqın nicatı üçün hökumətin bu biçarə və zavallı şəxslərin halına acıyacağıa, onlara yardım edəcəklərinə ümid edirdi. O, yazırdı: “Heç kəsin tükü belə tərpənmirdi. Sanki hər kəs tutulan insanların suya necə atılacağını, suda yaralı vücudu ilə nə cür çırpınıb-çabalayacağını, daşlarla necə mücadilə edəcəyini, güllələrdən sonra nə cür boğulacağını təkrar-təkrar görməkdən zövq alırdı. Hadisələr Tiflis şəhərində kulminasiya nöqtəsinə çatmışdı. Bütün Tiflis əhalisi ayağa qalxmışdı, kimi boğuşur, kimi də evində qorxu ilə hadisələrin sonrakı prosesini gözləyirdi. Ertəsi gün yenidən atəş səsləri eşidildi və getdikcə daha da şiddətləndi. Güllə yağışı bütün məhəlləni darmadağın etmişdi. Gözümün önündə ölüm qorxusu ilə varlığını itirmiş, mənən kiçildilmiş, alçaldılmış vücudlar, qulaqlarıma gələn dua və yalvarış səsləri məni olduqca hiddətləndirmişdi. Yerə diz çökmüş, Həzrəti Abbası köməyə çağıran bu zavallıların imdadına yetişib onları sakitləşdirməyə çalışırdım”.
Qeyd etmək lazımdır ki, hadisələrin şiddətli vaxtlarında Tiflisin bütün erməni məhəllələrini qarış-qarış gəzərək insanların bu çirkin oyundan əl çəkmələrini istəyən Ömər Faiq xatirələrində yazır: “Mən Tiflisi qarış-qarış gəzərək yol qırağında tikilmiş çayxanada ayaq saxladım. Burada insanların vahimə içində olduğunu görüb çaş-baş qalmışdım. Burada tanıdığım bir neçə gənc var idi ki, onlardan bir neçəsini çağıraraq: “Görmürsünüz, hər iki tərəfdən də insanlar qətlə yetirilir, əsl savaşı törədənlər isə ortalıqda görünmürlər. Bu anlaşılmaz savaşın sonu necə olacaq? İki xalq vəhşicəsinə bir-birini qırdıqdan sonra yenə peşman olub utana-utana bir-birinin üzünə baxmayacaqlarmı? Hər iki tərəfin də istədiyi nədir ? Nə üçün savaş edirsiniz? Ortada bir savaş səbəbi yox ki, biləsiniz! – dedim.
Gənclərdən biri: – Biz nə edək, savaşı onlar (ermənilər) başladılar. Bizi tamamilə yox etmək istəyirdilər. Guya onlar bizdən daha mədənidirlər, qonşu savaşının pisliyini, faydasızlığını onlar bizdən öncə düşünüb savaşa başlamışlar. Hanı, barışmaq istədiklərini göstərən bir işarət varmı – dedi:
Mən: – Xeyr yanılırsınız, dedim. Savaşı çar hökuməti törətdi. Türk-erməni münasibətlərini pozan qüvvələr məhz ölkəni mədəni bir səviyyədə idarə etməyi bacarmayan hökumətdir. Üç ay öncəki mitinqi xatırlayırsınız. Orada hökumətdən nə istəyirdilər: hürriyyət, bərabərlik, rifah və öz təmsilçiləri vasitəsi ilə idarə etməyə qatılmaq,deyilmi? İndiyə qədər öz keyfi ilə hərəkət etməyə alışmış olan rejim buna razı olarmı? Əlbəttə, olmaz. Bu çirkin oyunda kimin məhv olmasını isə bir az düşünün! Bu savaşda qazancınız nə olacaqdır? Nə gözləyirsiniz? Nə qədər igidlik göstərib irəliyə getsək, ertəsi gün nə bizə ermənilərin mağazalarını, nə də ki, ermənilərə bizim dükanları verəcəklər. Ara yerdə vəhşicəsinə qırılıb tələf olacağıq”. Göründüyü kimi, Ömər Faiq hadisələrin gedişatını əvvəlcədən duymuş və sadə xalqın bu çirkin oyunda məhv olmasını istəməmiş və insanlarla mütəmadi olaraq fərdi söhbətlər apararaq bu işin başında çar Rusiyasının dayandığını açıq-aydın anlatmağa çalışmışdır. Məhz bu yanlış düşüncənin girovuna çevrilən Ömər Faiq çox-çox sonralar öz səhvlərini anlamağa çalışmışdır və aldadıldığını zənn etmişdir. Ömər Faiq hər iki xalqın nümayəndələrindən ibarət bir təşkilatın yaradılmasının vacibliyini məqsədəuyğun hesab etdi. Nəhayət, Sosial Demokratlara müraciət edilərək ilk öncə Sülh Komissiyasının yaradılması, gürcü və ruslardan ibarət sülhməramlı silahlı qüvvələrin təşkil edilməsi qərara alındı. Komissiyaya gürcülərdən Jordaniya, ermənilərdən Yerkezyan, azərbaycanlılardan isə Ömər Faiq rəhbərlik edirdi. Sülhməramlı silahlı dəstə də komissiyanın ixtiyarına verilmişdi. Silahlı dəstənin əsas vəzifəsi Tiflis şəhərində törədilmiş qırğınların qarşısını almaq, gələcəkdə bu kimi xoşəgəlməz hadisələrin bir daha baş verməməsi üçün xalqları maarifləndirmək idi. Müəllif yazır ki, Qafqazın mərkəzi olan Tiflis kimi böyük bir şəhərdə iki millət bir-birinə top və tüfənglə atəş açdığı halda hökumət bu vəhşiliyə göz yumurdu.Şəhərdə mükəmməl bir təşkilat olduğu halda yanğınlar saatlarla deyil, günlərlə davam edirdi və şəhər idarəsi bu yanğınları sadəcə seyr etməklə kifayətlənirdi. Hətta vəziyyət o dərəcəyə çatmışdı ki, hökumət buradan Afrikaya Qızıl Xaç yardımı göstərdiyi halda öz şəhərində yaralı insanlara nə həkim, nə də ki, dərmanla yardım edirdi”.
Qeyd etmək lazımdır ki, artıq savaşın onuncu günü türk və erməni məhəllələrinə böyük əsgəri qüvvə göndərildi. Hər iki tərəfə atəşin dayandırılması əmri verildi və türk məhəlləsinə bütün Tiflis camaatını yığaraq savaşın başa çatdığını və canişinin birbaşa göstərişi ilə dayandırılmasını bildirdilər. Onlar bu savaşın məhz “aravuranlar” tərəfindən törədildiyini yalandan xalqa çatdırır və hesab edirdilər ki, bu işdə çar hökumətinin heç bir əli yoxdur. Toplantıda söz alan Ömər Faiq tribunaya çıxaraq deyir: “Qardaşlar! Mən uzun danışmayacağam. Ancaq məni diqqətlə dinləmənizi və düşünmənizi rica edirəm. On gündən bəri azərbaycanlıların və ermənilərin bir-birlərini öldürdüklərini hamınız öz gözlərinizlə gördünüz. Uşaq və dəli deyilsiniz, bir düşünün, bu gün əsgər və polisin gəlməsi ilə savaş anındaca kəsildi. Bu gün hökumət məmurları buraya gələrək “barışın” dedi. Ancaq aravuranlar elə bu məmurların özləridir – deyərək tribunadan aralandım. Alqış səslərindən təşvişə düşmüş hökumət nümayəndələri mənim nə demək istədiyimi sonradan başa düşüb məni həbs etməyə çalışsalar da buna nail ola bilmədilər”.
Nəhayət, 1906-cı il mart ayında Tiflis şəhərində “siyasi oyun”un nəticəsi olaraq Sülh Məclisi quruldu. Sülh Məclisi hökumət üçün o qədər önəmli idi ki, hətta Məclisə Qafqaz canişini Vorontsov -Daşkov rəhbərlik edirdi. Məclisə azərbaycanlılardan Qarabəy Qarabəyov, Adilxan Ziyadxanov, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Kərbəlayi İsrafil Hacıyev və Ağaxan İrəvanski, ermənilərdən isə Arutyunov, Qalantar, Xatisov, Taqanasov, Ter-Avetisov, Arekelov,Qarabetov və Xocayev qatılmışdı. Sülh məclisinin əsas amalı savaşın səbəblərini araşdırmaq, dəymiş ziyanı aradan qaldırmaq və bundan sonra savaşın baş verməməsi üçün hər iki xalqın nümayəndələri içərisində maarifləndirici tədbirlər planı həyata keçirmək idi.Canişin çıxışının sonunda əsl günahkarın məhz qanunlara əməl etməyən erməni millətçi ekstremistlərinin və nüfuzlu türklərin himayəsində hərəkət edən gizli silahlı türk dəstəsinin olduğunu bəyan edirdi. Müəllif daha sonra qeyd edir ki, “Məclisə qatılan məşhur senator Kuzminski isə savaşın baş verməsində dini, milli və iqtisadi səbəblər arayır və beləcə guya yeni ictimai qanun kəşf etmiş olurdu”. Doğrudur, müəllif senator Kuzminskinin gətirdiyi şərhləri rədd etməklə kifayətlənir. Əslində isə senatorun bu çıxışının arxasında bir çox həqiqətlərin işartısı sezilir. Məclisdə iştirak edən türk təmsilçiləri çəkinmədən mərdi-mərdanə şəkildə erməni Daşnaksütun partiyasını günahlandırır və savaşın onlar tərəfindən başlandığını bildirir, ermənilər isə məsuliyyəti üzərlərindən atmaqla, ümumiyyətlə, Daşnaksütun partiyasının fəaliyyətinin buradakı türklərə qarşı deyil, Osmanlı dövlətinə qarşı yönəldiyini iddia edirdilər. Ermənilər cəsarət edib açıq-aşkar söyləməsələr də türklərdən daha irəli gedərək hadisələrdə bəzi hökumət məmurlarının əli olduğunu bildirirlər. Amma tərəflərdən heç biri, nə azərbaycanlılar, nə ermənilər, nə də ki, hökumət əslində savaşın əsl səbəbkarını ictimaiyyətin bilməsini istəmirdi. Daha doğrusu, azərbaycanlılar həqiqəti söyləmir, ermənilər hökumətdən ehtiyat edir, hökumət isə günahkar olduğunu boynuna almaqdan çəkinirdi. Lakin çox keçmir ki, Molla Nəsrəddin jurnalı ilk sayından etibarən savaşın səbəblərini açıq-aşkar bəyan etməyə, hadisələrin gedişatını və əsl səbəbkarın kim olduğunu çəkinmədən açıqlamağa başlayır.
Taleh CƏFƏROV,
ADPU-nun Türk və Şərqi Avropa
xalqları tarixi və tarixin tədrisi
metodikası kafedrasının müəllimi
Xalq qəzeti.- 2010.- 14 mart.- S. 4.
Ömər Faiq Nemanzadə haqqında
“Sözün doğrusunu söyləmək lazımdırsa, indiki həyatda bütün huri-qılmanlar ilə bərabər cənnət kişilərin, cəhənnəm də qadınların ayaqları altındadır”.
Onun altı yaşı olanda Çar ordusu Osmanlı ilə savaşmaq üçün uzun yola çıxmışdı, rus əsgərlərinin keçdiyi yolda doğulduğu Axalsix qəzasının Azqur kəndi də var idi. Bütün kənd sakinləri əsgərləri, onların atlarını həyəcanla izləyirdi, belə bir məqamda Ömər də bu həyəcandan məhrum qalmamaq üçün molla məktəbindən qaçır. Qaçmağın cəzası kimi ertəsi gün falaqqa nəsib olacağına görə dostu İsmayılla birlikdə hökumət məktəbinə gedirlər.
Onun bu hərəkətini atası dəstəkləyir, anası isə qarşı çıxır: “Ömərim, sən onun-bunun sözünə baxma, o kafir məktəbini burax, yenə müsəlman məktəbinə get, Quran oxu, adam olmağa çalış, oğlum”.
Ömər isə öz seçimini edir: falaqqanın, saatlarla yerdə əyləşmənin, zorakı şəriət dərslərinin olmadığı, şən uşaqların oxuduğu, əyləncəli, qorxusuz dərslərin keçirildiyi hökumət məktəbini seçir. Ruscası zəif olduğundan atası onu erməni keşişdən dərs almaq üçün yanına göndərir.
İrəli görüşlü atası bir neçə ildən sonra Öməri Qori məktəbinə qəbul etdirmək fikrinə düşür, məktəbə ərizə yollayır. Ömər Qoriyə qəbul olsa da, anasının israrlı və atasından gizli işləri nəticəsində orada oxuya bilmir. Atası onun molla olmağına qarşı idi: “Deyək ki, oğlum molla oldu, xeyri? Böyük işi nə olacaq-namaz qıldırmaq, ölü çimdirmək. Müsəlmanlar üçün bundan böyük sənət yoxdur, deyəsən”.
Lakin anası oğlunun İstanbuldan gələn əfəndilər kimi olmasını, orada molla olub, sonra kəndə qayıdıb böyük adam olmasını istəyirdi. Ona görə də əri Ömərin xəstə bibisini görmək üçün Qoki kəndinə gedərkən oğlunu qardaşı Osman əfəndi ilə birlikdə İstanbula yollayır.
“Anacan! İstanbul çox böyük və gözəl şəhərdir… Dayımın yanındayam. Yaxşı oxurum, sənin duanla tez adam olurum”.
İstanbuldan anasına yazdığı bu məktubda yazılanlara baxmayaraq Ömər anasının istədiyi adamlardan olmur. Çünki Fateh mədrəsəsində də eynilə Azqurdakı mollaların keçdiyi üsulla dərs deyilirdi. Xatirələrində yazırdı: “Çox vaxt əlimdə kitab: nəsərə, nəsəra, nəsəru, nəsərat, nəsərəta, nəsərnə… əzbərlərkən yuxuya tutulur, saatlarca öylə qalırmışam ki, dərsdən gələn dayım ayağı ilə acıqlı-acıqlı vurub məni zorla oyandırırdı”.
Bu cür əzablı günlərin birində Osman əfəndi ilə birlikdə Sultan Səlim məscidinə gedərkən “Darüşşəfəq” məktəbi, oradakı sevincli uşaqlar gözünə sataşır. Dayısı məktəbdə olarkən evdən çıxaraq oraya qaçır, uşaqlarla, müdirlə danışır, burada oxumaq istədiyini bildirir, lakin dayısının icazəsi olmadan oxumasının mümkünsüz olduğu deyilir.
Ömərin oxumaq eşqi, dayısının öyrətdiklərini istəməməsi nəticəsində Osman əfəndi məcbur qalaraq Darüşşəfəqdə oxumasına razılıq verir.
Darüşşəfəq məktəbi
Ömər Faiqin 1883-1891-ci illərdə təhsil aldığı bu məktəb Altunbuynuz adlanan yerdə yerləşirdi. Burada dördüncü sinifdə oxuyarkən atasının ölüm xəbərini eşidir. Anasına ünvanladığı məktubda Ömər yazır: “Atamın ölümü məni də ölü halına qoydu. Gözlərim qaralmış, ürəyim sönmüş, beynim donmuş kimidir”. Bu məktəbdə artıq şəriət dərsləri ilə yanaşı fizika, kimya, kosmoqrafiya dərsləri alır, həftədə bir dəfə məktəbdən kənara çıxdıqlarında əldə etdikləri qəzet və dərgilərdən, ədəbiyyat nümunələrindən Namiq Kamalın sultan istibdadına qarşı yazdıqlarını oxuyub dünyagörüşlərini zənginləşdirirdilər. Darüşşəfəq artıq sultana qarşı üsyan ocağına çevrilirdi.
Nəhayət, yenilikçi görüşlü tələbələrlə məktəb rəhbərliyi arasında qarşıdurma baş verir, tələbələr rəhbərliyə hücuma keçir, lakin qiyam yatırılır, əsas iştirakçılar həbs olunur, digərləri isə zopa ilə cəzalandırılır. Ömər Faiqə 30 zopa və bir ay həbs qismət olur. Quru taxtanın üzərində yatmaqla, quru çörəyə möhtac olmaqla keçən həbsxana həyatından sonra iki ay xəstəxanada yatmalı olur.
Məktəbi bitirdikdən sonra Ömər Faiq Qalata post və teleqrafxanasının “Morid” şöbəsinə təyin edilir. Burada işləyərkən Avropadan gələn qəzetləri mütaliə edərək xeyli dünyagörüşünü zənginləşdirir, xarici qəzetləri oxuması qadağan edilsə də, gizli yolla Avropadan gələn xəbərləri oxuyur, dostları ilə birlikdə toplantılar keçirir. Lakin bütün bu etdiklərinin nəzarət altında olduğunu, həbs olunmaları üçün fürsət axtarıldığını, tutulduqları təqdirdə dənizə atılacaqlarını bilirdilər, ona görə də təhlükə anında qaçırlar. Qalata limanından xarici bir gəmiyə minirlər. Batumda gəmi yoxlanılarkən heç bir sənədi olmadığından Ömər həbs olunur. Bir ay həbsdən sonra batumlu Osman əfəndinin zəmanəti ilə azad olunur, Azqura qayıdır.
Gavur Ömər
Anası və qohumları onu molla qiyafəsində gözlədikləri halda, tanınmış ruhani görmək istədikləri halda o kənddə elmi mübahisələr aparmağa, dünyəvi və şəriət məsələlərini müzakirə etməyə başlayır. Bütün bunlara görə ona kənddə “Gavur Ömər” adı verirlər. Azqurda məktəb açmaq istəyinə razılıq verilmədiyinə görə Tiflisə gedir, lakin orada da iş tapa bilmədiyinə görə 1894-cü ildə Şəkiyə yollanır. Şəkidə o, böyük sürprizlə qarşılaşır. Çünki Şəki sakinləri Qafqazda ilk dəfə olaraq üsuli-cədid üzrə nizamlı bir türk məktəbi açmışdılar. Ömər Faiq bu məktəbdə müəllimliyə başlayır, türk dili, tarix, coğrafiya, hesab və imladan dərs verir. Xüsusən, imla dərslərində şagirdlərə modern həyatın üstünlüklərini izah edən Ömər Faiq az da olsa, bu yolla cəhalətlə mübarizə aparmağın mümkün olduğunu yazırdı: “Bütün düşüncələrin din mövhumatına, bütün mübahisələrin sünni-şiəliyə, bütün söhbətlərin mömin-kafirliyə, bütün ümid və qayğıların cənnət və cəhənnəmə, bütün yad və xəyalların köhnəliyə bağlandığı bir vaxtda bir məmləkətdə ilk açılan bir milli məktəbdəki müvəffəqiyyət ancaq bu qədər ola bilərdi”.
Bu məktəbi sünni müsəlmanlar açdığına görə, şiə uşaqları az gəlirdi, ona görə də sünnilərdən ayrı yaşayan şiələr də tezliklə öz məktəblərini açırlar, Qorini bitirmiş Təhmasib adlı müəllimi məktəbə dəvət edirlər. Daha sonra Şəkidə üçüncü bir məktəbdə açılır.
Şəkidəki fəaliyyəti müddətində Ömər Faiq Axundovun “Məstəli şah” pyesini tamaşaya qoyur, “Müsyo Jordan” rolunu özü oynayır.
İnsanların aşırı cəhalətinə etiraz olaraq bir dəfə müəllim Abdulla bəy Əfəndizadə ilə birlikdə Zəyzid kəndinə gedərkən yolları “Öskürək” pirinin yanından düşür. Burada bir ağacın üstündəki ipləri görən Ömər Faiq kibrit yandıraraq onların üzərinə atır və pir yanmağa başlayır. Alovun yüksəldiyini gördüklərinə cəld qaçırlar. Kəndə çatdıqlarında isə iki müəllim itlərin hücumuna məruz qalırlar, bunu öz aralarında zarafata salaraq pirin qəzəbi kimi yozurlar.
Şəkidə olduğu müddətdə Ömər Faiqi düşündürən əsas problemlərdən biri qadın hüquqları ilə bağlı idi: “Hər yanda olduğu kimi burada da qadın hüququ yox idi. Qadınlar kişilərin tam mənası ilə əsiri və qulu idilər”. Ömər Faiqə görə şəriətin və kişi istibdadının buxovlarından yalnız qadınlar öz iradələri ilə çıxa bilərlər, çünki başqa cür heç kim onlara kömək etməyəcəkdir.
1896-cı ilin yazında Şəkidə xəstələndiyinə görə Ömər Faiq Gəncəyə gəlir, Gəncənin durumu onu dərindən sarsıdır. Həmin dövrün Gəncəsini belə təsvir edir: “Bu tərəfdə uca və əzəmətli Şah Abbas məscidinin qapı və həyəti namaza gələn aftafalı möminlərin çoxluğundan görünmür. Burası hər gün, hər saat qarışqa kimi qaynayır, çünki qoca bir millətin müqəddəratı burada həll olunur. Dəstə-dəstə ibadətə gələn camaatın başları burada ruhanilərin ətəklərinə doğru əyilir…Ulu bir kütlənin mənliyi burada yerlərə sərilir. Cavan, qoca, oxumuş, oxumamış, hamısı burada, yalnız öz yaşayış və səadət ümidini ruhanilərdən diləyir. İştə Nizaminin vətəni olan Gəncənin 1896-dakı halı!”.
Ömər Faiq ümid arxasınca yenidən Tiflisə gedir, lakin burada da heç nə edə bilmir: “Görüşdüyüm ziyalıların çoxu hökumət qulluqçusu, qorxaq, dinçi, sarayda, Mirzə Fətəlinin yerində olanlar isə milli mədəniyyətdən, elmdən uzaq qara rus quyruqları idilər”.
1898-də Ömər Faiq yenidən Şəkiyə gedir. 1900-cu ildə isə ilk dəfə Bakıya gəlir. Bakıda yeganə uğurun Qızlar məktəbi olduğunu görən Ömər Faiq kapitalizmin geniş vüsət aldığı bu şəhəri belə təsvir edir: “Ən böyük türk milyonerləri, ən nüfuzlu axundlar, ən böyük fanatik, ən qorxulu maarif düşməni, ən birinci millət xaini burada idilər”.
Bakını tərk edən Ömər Faiq Şamaxıya gəlir, 1900-1902-ci illərdə burada qalır, təriqət mollalarının fanatik kütləni talaması, kütlənin ruhanilərin əlini, ayağını, bu “qismət olmadıqda” isə atının ayağını öpən insanlardan iyrənərək gələcək yazıları üçün materiallar toplayır. Ömərin buradakı müəllimliyi 1902-ci il zəlzələsi baş verdiyi dövrə qədər davam edir. Zəlzələdə dağıntılar altında qalan, hər bir şeyini itirən Ömər Faiq xanımı ilə birlikdə Axalsixə dönür.
“Şərqi-rus” qəzeti
Nəhayət ki, Ömər Faiq arzusuna yetir. Məhəmmədağa Şahtaxtlının sahibi və redaktoru olduğu türkcə dərc olunan “Şərqi-rus” qəzetində yazmağa başlayır. Lakin tezliklə redaktorla onun arasında konfliktlər başlayır. O, qəzetdə daha çox yenilikçi fikirlərin, ruhaniliyin əleyhinə yazmağın, Şahtaxtlı isə mollaların yazılarını verdiyinə görə qarşıdurmalar yaranırdı. Ömər Faiq yazır ki, bütün bunlara rəğmən o, mənsiz, mən isə onsuz ola bilmirdim. Çünki səhərdən axşamadək pulsuz işləyəcək birini tapa bilməyəcəkdi.
Ömər Faiqin bu dövrdəki bir xidməti Tiflisdə əldə satılan kitablar arasından “Kəmalüddövlə məktubları”nı alması və onun çapı ilə məşğul olması olur. Onun əldə etdiyi nüsxə əsasında sonralar “Kəmalüddövlə məktubları”nı Ağamalıoğlu çap etdirir.
“Şərqi-rus” qəzetində işləyərkən Ömər Faiqin toxunduğu mövzular içərisində mollaların məscidlərdə ərəbcə deyil, xalqın başa düşəcəyi türkcə xütbələrin oxunması ilə, qadınlara edilən zülmün aradan qaldırılması, türk dilinin inkişafı ilə bağlı idi. Bu barədə o yazırdı: “Mənə elə gəlirdi ki, müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz”.
M. Şahtaxtlı sahibi olduğu mətbəəni borclandırdığına görə satmaq qərarına gəlir. Bunu görən Ömər Faiq mətbəə başqalarının əlinə keçməsin deyə alverçi dostu Məşədi Ələsgər Bağırovdan 7 min manat pul alaraq Mirzə Cəlilə verir, sonuncu isə mətbəəni satın alır, adını “Qeyrət” qoyurlar.
Mətbəədə ilk kitab Ömər Faiqin “Nəşri-asara dəvət” adlı rus inqilabından bəhs edən əsəri olur. Artıq mətbəə sahibi olan Ömər Faiq və Mirzə Cəlil yeni planlar qururlar. Lakin Ömər Faiqin “Torpaq” jurnalına Türkiyə təhsilli olduğuna görə çap icazəsi verilmir. Mirzə Cəlilin “Novruz” qəzetinə də razılıq olmur. Lakin nəhayət, Azərbaycan jurnalistikasının ən böyük dəyərlərindən olan “Molla Nəsrəddin” jurnalının çapına nail olurlar. Ömər Faiq yazır: “Jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən ətək-ətək söyüş, lənət, nifrət yağır, əməkçi deyilən aşağı təbəqədən isə hörmət qalxırdı”.
Ömər Faiqin şəriətlə mübarizəsində əsas yeri milli kimlik tuturdu. Azərbaycan xalqının özünü türk kimi deyil, müsəlman kimi adlandırması digər aydınlar kimi Ömər Faiqi də hiddətləndirirdi: “Ey qafqazlı türk, sən çoxdan İslam qeyrətini çəkirsən və bu qeyrətlə hətta öz varlığını, öz adını da itirmişdin. Sən İslam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən”.
Molla Nəsrəddin jurnalı Ömər Faiqin şəriətlə mübarizə aparması üçün geniş bir meydan idi. “Bir neçə günlüyə” adlı məqaləsində yazırdı: “Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim xidmətimiz ilan-qurbağaya sataşmaqdır”.
Ömər Faiq xatirələrini “Molla Nəsrəddin” jurnalı ilə bitirir. Artıq onun qarşısında 1937-ci ildə güllələnməsinə qədər davam edən aydınlıq bir yol vardı.
Dilqəm Əhməd
Qaynaq:
1. Ö.F. Nemanzadə: “Xatirələrim”- “Gənclik”, 1985
2. Ö.F. Nemanzadə: “Seçilmiş əsərləri”, “Yazıçı”, 1992